"Qiymətlər 5 dəfə də artsa, onlara heç kim heç nə deməz" - Ekspert marketlərlə bağlı təklif verdi
Xəbər verdiyimiz kimi, xaricdən idxal olunan kolbasanın 1 kiloqramının orta gömrük dəyəri 2,9 dollar (4,9 manat) təşkil edir.
Bəs görəsən, gömrükdən marketədək olan məsafədə sözügedən məhsula təsir edən amil nədir ki, satış zamanı qiymətlər dəfələrlə artır?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycan hökuməti biznes qurumları üçün toxunulmazlıq səlahiyyəti yaradıb:
“Hökumətin biznesin inkişafı siyasəti ilə istehlakçı siyasəti qətiyyən uzlaşmır. 1995-ci ildə qəbul edilən “İstehlakçıların hüquqlarının müdafisəsi haqqında” Qanun artıq köhnəlib və hələ də dəyişilmir. Yəni, “bazarın şahı” olan, biznes və dövləti ayaqda tutan biz istehlakçılar arxa plandayıq. Bu vəziyyətdən sui-istifadə olunur və azad bazar iqtisadiyyatı prinsipləri önə çəkilərək istehlakçılar istənilən tərzdə manipulyasiya edilir. Hələ qiymətlər 5 dəfə də artsa, onlara heç kim heç nə deməz. Bütün bu qiymət artımlarında məhsulun istehsalçıdan istehlakçıya çatdırılması zəncirində xüsusi yerə malik olan marketlər mühüm rol oynayır.
Marketlər məhsulu göndərən təhcizatçılar ilə istədiyi tərzdə davranırlar. Bununla da məhsulun üzərinə qiyməti istənilən formada qoymağı tələb edir. Rusiya, Türkiyə kimi ölkələrdən fərqli olaraq bizdə Nazirlər Kabineti tərəfindən qəbul edilən və marketlərin işini tənzimləyən bir qərar yoxdur”.
Ekspertin sözlərinə görə, o, dəfələrlə Sahibkarlar Federasiyası ilə söhbətində digər ölkələrdə olan qaydaların Azərbaycanda da tətbiq olunması məsələsini qaldırıb.
“Satılan məhsulun üzərinə nə qədər qiymət qoyula bilər? Bu kimi bir çox suallar var ki, hələ də öz cavabını tapmayıb. Buna görə də son nəticədə istehlakçılar əziyyət çəkir. Halbuki İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu işlərlə ciddi məşğul olmalıdır. Biz təklif edirik ki, marketlər üçün qaydalar tərtib olunsun. Bütün hallarda yerli malların satışı üçün stimullaşdırıcı tədbirlər görülməlidir”, - deyə E.Hüseynov bildirdi.
Yusif SƏMƏDZADƏ