"AQTA kütləvi zəhərlənmələr olanda da istehlakçıları günahlandırır" - Ekspert
Yay günlərinin isti keçməsi insanların qidalanmasında da problem yaradır. İstər qida məhsulları, istərsə də sərin içkilər səbəbindən tez-tez zəhərlənmə halları yaşanır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, Qida Təhlükəszlik Agentliyinin (AQTA) saytına baxsaq, qida zəhərlənmələrinin sayının dünya statistikasından 700 dəfə az olduğunu görərik:
“AQTA göstəriciləri arasında zəhərlənmədən ölənlərin statistikası da yer alıb. Sağlamlığın keşiyində duran qurumlar Səhiyyə Nazirliyi ilə TƏBİB sanki bu cür əcaib statistika və saxta rəqəmlərdən həzz alır. Onlara görə, biz dünyanın ən xoşbəxt xalqıyıq. “Biz nə yeyiriksə, ondan ibarətik” fikrini əsas götürsək, onda nə üçün orta ömür statistikasına görə dünyada 190 ölkə arasında 115-ci yerdəyik? Sıralamada Afrikanın bir çox ölkələrindən, eləcə də Asiyanın Şri-lanka, Banqladeş kimi kasıb ölkələrdən də geridə qalırıq. Bu o deməkdir ki, statistika gizlədilir, və yaxud düzgün aparılmır.
Bu agentlik yarananda biz çox məmnun olduq. Düşündük ki, bu sahədə artıq şikayətlər olmayacaq. Lakin agentliyin əsasnaməsinə nəzər salsaq, görərik ki, orada yalnız qidanın təhlükəsizliyindən söhbət gedir, keyfiyyət məsələsinə toxunulmur. Üstəlik zəhərlənmələrin sayının çox olması hökümətin istehlakçı siyasətinin zəif olması, biznes siyasəti ilə istehlakçı siyasətinin uzlaşmaması məsələsini qabardır”.
Ekspert məsələ ilə bağlı digər problemlərə də toxundu:
“Dövlət biznes qurumları üçün toxunulmazlıq şəraiti yaradır. AQTA-nın əl-qolu bağlıdır və onun cəld reaksiya mexanizmləri yoxdur. Yəni şikayət daxil olarsa, cəld şəkildə orada yoxlama apara bilməzlər, qarşı tərəfə xəbər veriləndən sonra bunu həyata keçirirlər. Bu baxımdan sözügedən qurumun əsasnaməsi də cəld yoxlama mexanizmlərinə malik olmalıdır.
Belə bir vəziyyətdə əlbəttə ki, təhlükəli qidalar mövcuddur. Statistikanın gizlədilməsinə son qoyulmalı və düzgün statistika aparılmalıdır. Buna görə də məhsulların təhlükəsizliyinə nəzarət edən orqanla bu statistikanı aparan qurum bir-birindən olmalıdır. Vaxtilə Səhiyyə Nazirliyi həm məhsullara sertifikat verir, həm də sağlamlığın keşiyində dururdu. Sənayedə istehsal edilən mallarda zəhərlənmə olanda da istehsalçı sertifikatın həmin qurum tərəfindən verildiyini bildirirdi.
İndi də AQTA bu iki səlahiyyəti əlində birləşdirib. Belə olduğu halda maraqlar konfilikti yaranır. Bunun əsas səbəbi hökumətin istehlakçı siyasətinin zəif olması və bu siyasətə nəzarət edən dövlət qurumlarının sinxron işləməməsidir.
Əksər hallarda sənaye üsulu ilə hazırlanan mallarda zəhərlənməyə daha çox rast gəlinir. Çünki agentlik verdiyi sertifikatı özü təkzib edə bilmir. Kütləvi zəhərlənmələr olanda da istehlakçıları günahkar çıxarırlar. 27 ildə bir dəfə də olsun sənaye mallarından zəhərlənən insanlar üçün kompensasiyanın ödənilməsinə nail ola bilmədik. Çox təəssüf ki, bütün bunlara görə 190 ölkə arasında 115-ci yerdəyik”.
Yusif SƏMƏDZADƏ