“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik - Prezident təsdiqlədi

 16:50 29.06.2024     573

Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputatlar, Mərkəzi Seçki Komissiyasının (MSK) və Naxçıvan Muxtar Respublikası MSK-nın üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan MSK və Naxçıvan MSK-nın üzvləri, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) və Naxçıvan Ombudsmanı kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Ombudsman və Naxçıvan Ombudsmanı və Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Hesablama Palatasının üzvləri üçün qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib.

Redaktor.az xəbər verir ki, məlumat Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputat səlahiyyət müddəti ərzində Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komitə və komissiya sədri və ya sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, onun əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komitə və komissiya sədrinin və ya sədrinin müavininin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin əməkhaqqının 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilib. Yeni qanuna əsasən, 2024-cü il iyulun 1-dən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputat səlahiyyət müddəti ərzində müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla) 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin ediləcək.

Beləliklə, 2024-cü il iyulun 1-dən pensiyaya əlavələrin təyinatında pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla səlahiyyət müddəti ərzində müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin 80 faizi miqdarı prinsipi əsas götürüləcək.

Bu yanaşma yuxarıda qeyd olunan MSK, Ombudsman və Hesablama Palatasının üzvlərinə münasibətdə də şamil olunacaq.

Bu şəxslər həmin maddələrdə nəzərdə tutulmuş sığorta stajını bu qanun qüvvəyə mindiyi tarixədək torladığı halda həmin şəxslərə “Əmək rensiyaları haqqında” qanunun 2024-cü il iyulun 1-dək qüvvədə olan normaları tətbiq ediləcək.

Qeyd edək ki, indiyə qədər əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikası Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikası Hesablama Palatasının sabiq üzvlərinin qulluq stajına görə əmək pensiyasına əlavələr Azərbaycan Respublikası Hesablama Palatasının üzvünün orta aylıq əmək haqqı, onun son 12 ay ərzində müvafiq olaraq Azərbaycan Respublikasının Hesablama Palatasından aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilib. Bu müddəa da ləğv olunub.