"Qadınlar həm pensiya alsın, həm də işləsin"

 18:31 02.07.2024     649

Xəbər verdiyimiz kimi, Azərbaycanda 2024-cü il üzrə qadınların pensiya yaşı iyulun 1-də yarım il artırılaraq 64-ə çatdırılıb. Qadınların pensiya yaşının artırılması cəmiyyətdə birmənalı qarşılanmadı. Sosial şəbəkədə də bu məsələnin müzakirəsi zamanı qanunu dəstəkləyənlərdə oldu, onun əleyhinə fikir yürüdənlər də.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirdi ki, pensiya yaşının artırılması ilə bağlı qərarı hər ölkə öz göstəricilərini təhlil edərək verir.

Məlahət İbrahimqızı: Prezidentin çıxışı xüsusi təyinatlılarımızın Vətən və Ali Baş Komandan qarşısında məsuliyyətini daha da artırır

"Bu gün dünyada pensiya yaşının artırılıb-artırılmaması ilə bağlı fikirlər var. Məsələn, Yaponiyada pensiya yaşının artırılması təklif edilir, çünki orada uzunömürlülərin sayıçoxdur. Elə sahələr var ki, (həkimlər, alimlər, siyasətçilər, elm adamlar) onların təcrübələri müəyyən yaşdan sonra daha çox olur. Bu sahələrdə yalnız universitet bitirmək, 5 universitet oxumaq yetmir. Pensiya yaşının artırılması məsələsinə hər ölkə subyektiv, milli gerçəklikləri ilə yanaşır. Görünən odur ki, bu məsələ dünyanın əksər ölkələrində Azərbaycanda olduğu kimidir. Hansısa ölkədə pensiya yaşı azdısa, bu o demək deyil ki, Azərbaycan da digər ölkələrlə bir olmalıdır. Məsələn, Amerika və İsveçrə ilə Azərbaycan bir ola bilməz. Təkliflər olur, hesablamalar aparılır və qərarlar verilir", - deyə deputat qeyd edib.

Hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qadınların pensiyaya məcburi çıxarılmasından şikayət etdiyini söylədi.

"Bizə edilən müraciətlərdə 64 yaşı olmasına baxmayaraq işləməyə qadir olan, hələ də işləmək istəyən, lakin məcburi pensiyaya göndərilən qadınlar şikayət edirlər. Bura ən çox həkimlər və müəllimlər daxildir. Onlar özləri yaşa dolsalar da, işləmək istəyirlər. Məncə, onlar həm pensiya alıb, həm də işləsələr yaxşı olar. 60 yaşında pensiya alsınlar, 64 yaşa qədər isə istəyirlərsə, işləsinlər. O zaman bu qərar ədalətli olar. Bütün professorlar 80 yaşa kimi işləyirlər, niyə müəllimlər, həkimlər 60 yaşında işlərindən kənarlaşdırılsın? Burad bir digər problem isə cavanların işsiz qalmasıdır. Onlara da iş lazımdır. Əgər pensiyalar çox olarsa, artırılarsa, heç bir qadın pensiyaya göndərilməkdən narazı olmayacaq. Hazırda pensiyanın məbləği çox azdır. Hansı qadın 60-64 yaşda işdən çıxıb pensiya ilə yaxşı dolanacağını deyəcək?",- deyə sədr vurğulayıb.

Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, pensiya məsələsinə diferensial yanaşmaq lazımdır. 

"Çünki elə müəllim var ki, pensiya yaşına çatıb, amma hər il onun şagirdləri ən yüksək bal toplayır, yaxşı universitetlərə qəbul olur. Ona birdən-b irə "sənin yaşın çatıb, pensiyaya get" demək doğru deyil. Bir sahədə yetişmiş mütəxəssis varsa, onun fəaliyyətinin  nəticəsini nəzərə almaq lazımdır. Bizim ölkədə çatışmayan budur. Buna mexaniki yanaşmaq doğru deyil. Savadlı mütəxəssisə yaşın çatıb, get demək savadsız yanaşmadır. Fərqli mexanizm düşünməyə ehtiyac var. Norma qoymaq lazımdır ki, filan yaşda kim istəsə pensiyaya gedə bilər. Azərbaycanda insanların hans yaşda enerjisinin tükənməsinə baxmaq lazımdır. Həmin yaşı pensiya yaşı qoymaq olar. Kim də istəsə o yaşda pensiyaya gedə bilər. Pensiya siyasəti ilə bağlı Azərbaycanda çatışmazlıqlar var. Eləsi var vergi verir, pensiya yaşına çatanda vəfat edir. Onun vergisi eləcə qalır. Buna görə də, Azərbaycanda pensiya siyasəti yaşı düzgün deyil", - deyə sosioloq əlava edib.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda 1 milyon 97 min 300 pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,2 %-i  yaşa, 23,5  %-i  əlilliyə, 12,3  %-i  isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş pensiyaların orta aylıq məbləği 490,7 manatdır.

2024-cü il yanvarın 1-nə Azərbaycanda minimum məbləğdə pensiya alanların sayı 34 min 276 nəfərdir. 

Aygün Mirakif