Noyabrda Bakıda məktəblər bağlanacaq? - Ekspert AÇIQLADI
Son günlər COP29 tədbiri ilə əlaqədar olaraq noyabr ayında Bakı şəhərində orta ümumtəhsil müəssisələrinin bir aylıq bağlanması barədə xəbərləri yayılıb. Məsələyə aydınlıq gətirməsi üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət etsək də, cavab ala bilmədik.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, COP29 tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq orta təhsil müəssisələrinin bağlanması gözlənilmir:
"Hazırda sözügedən məsələ ilə bağlı rəsmi açıqlama və ya məlumat yoxdur. Çünki COP29 tədbiri təhsilə təsir edəcək proses deyil. Yalnız istisna hallarda bir adıçəkilən tədbirin reallaşdırıldığı məkanlarda sıxlıq müşahidə olunarsa, iclaslarının başlama və bitmə saatları ilə şagirdlərin dərsə getmə-gəlmə saatları üst-üstə düşərsə, həmin ərazini əhatə edən təhsil müəssisələrində tədrisin hibrid və ya distant formada keçirilməsi mümkündür. Amma hələ ki nə Elm və Təhsil Nazirliyinin, nə də Nazirlər Kabinetinin bununla bağlı rəsmi qərarı var".
Sultan AYXAN