"Fermer bazarda öz məhsulunu sata bilmir" - Deputat AÇIQLADI

 19:29 05.07.2024     618

Sabirabadda qarpız yığımına başlayan fermerlər satış qiymətlərindən narazıdırlar. Mart ayından əkilən qarpızın qiyməti onları qane etmir. Dediklərinə görə, ötən illə müqayisədə qarpız ucuzlaşıb.

Maraqlıdır, bəs qarpızın qiymətinin keçən illə müqayisədə ucuzlaşmasının səbəbi nədir? Problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Azər Badamov qeyd etdi ki, kənd təsərrüfatı məhsullarının qiymətlərini bazar müəyyənləşdirir:

“Bazarda təklif tələbdən çoxdursa, qiymətlər düşür. Əksinə olduqda isə artır. Qarpızın qiymətinin ucuz olması səbəbi budur. Qiymətlərin çox enmə halları başqa məhsularda da olur. Məsələn, mövsüm dövründə soğan, kələm, kartof və digər mallarda da qiymətlərin çox düşdüyünü müşahidə edirik. Bu da fermerləri çətinliklə üz-üzə qoyur. Yəni fermerlər az qazanc əldə edir, məhsulun becərilməsinə çəkilən xərclərini də heç qarşılaya bilməyəcək vəziyyətə düşürlər. Bu da növbəti mövsüm ilində kənd təsərrüfatı ilə məşğul olan şəxsləri ruhdan salır. Həmçinin bazar qiymətlərində böyük artımların baş verməsinə də yol açır. Belə halların baş verməməsi üçün müvafiq qurumun tədbirlər görməsi vacibdir"

Millət vəkili onu da bildirdi ki, bu kimi halların qarşısının alınması üçün ölkədə kənd təsərrüfatı məhsulları üzrə illik təlabat hesablanmalı və fermerlərin diqqətinə çatdırılmalıdır.

"Bu da onların biri-birinə baxaraq, həvəslənib, eyni məhsuldan çox əkilməsi və qiymətlərin düşməsinin qarşısını almış olar. Digər bir məsələ isə, qapalı dövlət müəssisələrinin kənd təsərrüfatı məhsullarını birbaşa fermerlərdən tədarükünü təşkil etməsidir. Bu da fermerə məhsulunu birbaşa məqbul qiymətə satmasına imkan yaradacaq.

Bununla yanaşı, fermerlərin şəhərlərdəki kənd təsərrüfatı malları satan bazarlara çıxışı asanlaşdırılmalıdır. Bazarlarda illərdir eyni adamlar fermerlərdən ucuz aldıqları məhsulları 3-4 qat baha qiymətə satırlar. Nəticədə il ərzində əziyyət çəkib məhsul yetişdirən əkinçilər qazanc əldə edə bilmirlər. Problemin qarşısını almaq üçün bazarlara əsl məhsul istehsalçıları buraxılmalıdırlar. Bu da fermerin satışa çıxartdığı məhsulun özünün olduğunu təsdiq edən sənəd əsasında bazara buraxılması ilə tənzimlənə bilər. Belə bir sənədi yerli bələdiyyələr və ya icra nümayəndələrinin verməsi mümkündür. Nəticədə tarladan bazara qədər gedən zəncirdə əlavə həlqələr sıradan çıxar. Bazara çıxarılan malların qiymətləri isə həm satıcını, həm də alıcını qane etmiş olar”.

Sultan AYXAN