Köhnə avtomobillər su qiymətinə - Təzələr isə çox baha
İyulun 1-də taksilərlə bağlı qanun qüvvəyə minəndən sonra sərnişinlərin taksi fəaliyyətinə dair şikayətləri daha da artıb. Çağırılıan taksilərin ünvana gec gəlməsi, üstəlik iki qat baha qiymətləri, demək olar ki, sosial medianın gündəmindən düşmür. Bundan əlavə, sürücülərin də vəziyyəti ürəkaçan deyil. Bir çox taksi sürücüsü işsiz qalıb, buna səbəb də avtomobilinin köhnə olmasıdır. Artıq taksiyə yararlı olmayan avtomobillər bazarı doldurub, qiymətləri isə olduqca ucuz təklif olunur.
Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, yeni qərarların qəbulundan sonra taksi fəaliyyəti üçün yararsız olan avtomobillərin qiyməti xeyli düşdü:
"12-13 minlik avtomobillər 8 minə, hətta 5 minə satışa qoyuldu. Söhbət xüsusilə "Prius"lardan gedir, onların vəziyyətindən asılı olaraq qiymətləri 5-8 min arasında dəyişir. Həmçinin taksi üçün yararlı hesab olunan "Kia"ların da qiymətində azalma var, onlar da 10 mindən aşağı təklif edilir".
Ekspert qeyd etdi ki, ümumi olaraq ikinci əl avtomobillərin bazarında hal-hazırda vəziyyət kritikdir:
"Hətta mühərrik həcmi böyük olan avtomobillərin də satışında enmələr müşahidə olunur. Taksi ilə bağlı isə daha çox yerli istehsal avtomobillər, istər Naxçıvan Avtomobil Zavodunda istehsal olunan, istər Neftçala və Hacıqabul sənaye zonasında istehsal olunan avtomobillər daha çox satılır. Bunlar həm yenidir, həm də onların qiymətləri münasibdir. Daxili kredit şərtlərinin olması və xüsusilə taksiyə yararlı olmaları bu avtomobillərin satış həcmini artırır. Təxminən 22-23 min manatdan başlayan qiymətlərlə satışa çıxarılır".
Sevinc İBRAHİMZADƏ