İsti havada işləyənlərə sərin içkilər verilməlidir - Ekspert AÇIQLADI
Azərbaycanda havanın istiliyi 40 dərəcəyədək yüksəlib. Mütəxəssislərin xəbərdarlıqlarına baxmayaraq, əhalinin böyük əksəriyyəti günün ən isti vaxtlarında açıq havada fəaliyyət göstərirlər.
Mövzu ilə əlaqədar tibb eksperti, həkim Adil Qeybulla Redaktor.az-a açıqladı ki, isti havalarda günvurma və istivurma hadisələri geniş yayılıb:
"İstivurma zamanı orqanizmdə istilik tənzimləyən termorequlyasiya mexanizmləri pozulur, qan qatılaşır, mikroserkulyasiya pisləşir, gepaksiya baş verir. Ürək dayanması və hətta ölüm də baş verə bilir. Bu, insanlarda bayılma, soyuq tər basma kimi əlamətlərlə özünü göstərir. Bu zaman həmin şəxs ilk yardım məqsədilə soyuq bir yerə keçirilməlidir, soyuq yaş dəsmalla bədəni silinməli və həkim çağırılmalıdır. İstənilən halda biz bu cür temperatura alışmalıyıq, çünki artıq iqlim mühitinin dəyişməsi baş verir".
Hüquq müdafiəçisi Sahib Məmmədov isə qeyd etdi ki, isti, soyuq və küləkli havada işləməklə bağlı məsələləri Əmək Məcəlləsi tənzimləyir:
"Əgər temperatur 41 dərəcəni keçirsə, açıq havada olan işlər dayandırılmalıdır. Bu işlər kondisioner ilə sərinləşdirilməsi mümkün olan iş yerlərinə aid deyil. Ancaq açıq havada da bəzən elə işlər var ki, onları dayandırmaq olmur. Bu zaman işəgötürən tez-tez fasilə verilməsini təmin etməlidir, işçilərin kölgələnməsinə şərait yaratmalıdır, sərinləşdirici içkilər verməlidir. Mümkün olduqda hətta işçilər üçün həsir şlyapaları təmin etməlidir".
Sevinc İBRAHİMZADƏ