Bakıda içi boş dondurmalar satılır - VİDEO
Bakıda marketlərin birində "Qlobus" dondurmasının şişirdilmiş içi boş paketi satışa çıxarılıb. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Yayın bu qızmar istisində insanlar bəzən dondurma seçərkən diqqətli olmurlar. Belə olduqda isə "aldım bir dənə, açdım heç dənə" situasiyası ilə qarşılaşırlar...
Mövzu ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Redaktor.az-a bildirdi ki, sözügedən görüntülərlə tanışdır:
"Başqa bir vətəndaş da ağzı falqa ilə örtülmüş kofenin içindən suxari çıxması ilə qarşılaşıb. Belə hallar barədə Azad İstehlakçılar Birliyinə məlumatlar gəlir, nümunələr göndərilir. Bəzən bu cür hallar rəqib şirkətlərin işləri olur və yaxud istehsalçı şirkətdən qovulmuş əməkdaşların əməlləri olur. Lakin bu həm də istehlakçını aldatmaq və ondan pul qopartmaq üçün də ola bilər. Odur ki, istehlakçı mal alarkən diqqətli olmalıdır, çəkisinə nəzər yetirməlidir. Bu cür hallarla qarşılaşan vətəndaşlar dövlət orqanlarına xəbər verməlidirlər".
Məsələ ilə bağlı AQTA-dan bildirildi ki, bu, istehlakçı hüquqlarının pozulması halıdır:
"Əgər vətəndaş belə bir faktla qarşılaşırsa, bu barədə Agentliyin 1003 - Çağrı Mərkəzinə məlumat verilməlidir ki, tədbir görülsün".
Sevinc İBRAHİMZADƏ