"İşçilərin işə gəlməsi üçün ictimai nəqliyyat problemi var"
Bakı şəhərində işçilərin işə gəlməsi üçün ictimai nəqliyyat sistemi uğurlu deyil və şəxsi avtomobillərdən istifadə edilir.
Redaktor.az xəbər verir ki, bunu ölkənin aparıcı holdinqlərindən birinin təsisçisi və baş icraçı direktoru Aydın Talıbov Bakıda keçirilən "CEO MeetUp Logistics&Trade" adlı, logistika və ticarətin aktual məsələlərinə həsr olunmuş tədbirdə bildirib.
"Bakıda ictimai nəqliyyat mütləq inkişaf etdirilməlidir. Xarici ölkələrdə, xüsusən də Avropa dövlətlərində şəxsi avtomobildən işə getmək üçün istifadə olunmur. Bu ölkələrdə şəxsi avtomobil həftə sonlarında istifadə edilir. Həmin dövlətlərdə əhalinin 90 %-i ictimai nəqliyyatdan istifadə edir, - deyə o qeyd edib.
İş adamının sözlərinə görə, əgər ictimai nəqliyyat sistemi düzgün qurularsa, insanlar işə şəxsi avtobillərlə getməyəcək: "Bu problem şirkətlərin büdcəsinə, ətraf mühitə mənfi təsir göstərir, tıxaclara səbəb olur. Xarici ölkələrdə yollarda çoxlu sayda avtobuslar var, amma Bakıda avtobus tapmaq çətindir, hamısı şəxsi avtomobillərdir".