“Azyaşlını nəzarətsiz qoyub deyirlər ki, uşaq mənimdir, özüm bilərəm” –  AÇIQLAMA - VİDEO

 17:15 17.07.2024     601

Son illər dünyada uşaq ölümlərinin sayı durmadan artır. Müharibələr, epidemiya və pandemiyalar, orqan mafiyalarının “təzə nəfəs” adı altında pullu “xidmət”ləri, sosial zəmində cinayətlər, qəsdən narkotik və psixotrop maddələrə qurşandırma faktları uşaq ölümlərini ildən-ilə artıran əsas amillər hesab edilir. Belə cinayətlərin qarşısını almaq üçün uzun zamandır müəyyən qadağalar, qanunlar tərtib edilir, lakin dəyişən heç nə olmur. Yenə də gələcəyə, demoqrafik göstəricilərə zərbə təkrarlanır.

Yol qəzaları bu statistik rəqəmləri artıran, azyaşlıların həyatına son qoyan ən böyük sosial zərbədir. Çünki psixi problemləri olmayan hər kəs qəsdli şəkildə qəza törətməz, özünün və ətrafındakının həyatına təhlükə yaratmaz. Bununla yanaşı, öz malına qəsdən zərər vurmağa çalışmaz.

Bütün bunlar deməyə əsas verir ki, kimsə başına gələn qəza hadisəsi zamanı azyaşlı və ya uşaqların ölümünü istəməz. Üstəgəl, müharibələr və digər böyük təsir amillərindən fərqli olaraq uşaqları qəzalardan mühafizə etmək mümkündür. Bunun ilkin variantı ailələrin maarifləndirilməsidir. Bu mövzuda vaxtaşırı görüşlər keçirilməli, valideynlərə övladları ilə bağlı piyadavurma hallarından, avtomobildə ikən onların qorunmasını metodlarından danışılmalıdır. Dövlət, polis bu istiqamətdə öz üzərinə düşəni edir. “Uşaq Qaynar Xətti” yaradılıb, “E-Polis” tətbiqetməsi istifadəyə verilib və Daxili İşlər Nazirliyinin 102 xidməti daim əhaliyə istənilən hüquqi mövzuda kömək edir. Bunlarla yanaşı televiziya və radioların efirində bu istiqamətdə maarifləndirici verilişlər də tərtiblənir.

Redaktor.az xəbər verir ki, “Araz” radiosunun efirində yayımlanan “Düzgün hərəkət” verilişində qonaq olan “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı və hüquqşünas Ərşad Hüseynov vətəndaşların azyaşlıları yol qəzalarından necə qorumalı olması ilə bağlı danışıb. Qeyd edək ki, veriliş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Mən gələcəyəm”: Uşaq və yeniyetmələri yol qəzalarından qorumaq üçün media vasitəsilə maarifləndirmə və təbliğat adlı layihəsi çərçivəsində yayımlanıb.

Aparıcı Elgün Xıdırovun bütün mövsümlərdə, xüsusən də yay mövsümündə uşaqların, məktəblilərin regionlara, düşərgələrə səyahətləri həyata keçirilərkən azyaşlıların qəzalardan necə qorunduğu barədə verdiyi suala birlik sədri Elməddin Muradlı cavab olaraq deyib ki, uşaqların daşınması ilə bağlı mediada hər il neqativ xəbərlər oxumaq məcburiyyətindəyik: “Mövsümün elə əvvəlində belə bir hadisə ilə üz-üzə gəldik. Şəkidə uşaqları düşərgəyə aparan avtobus qəzaya uğradı. Nə yaxşı ki, bu hadisə zamanı ölüm faktı olmadı. Lakin xəsarət alanlar var idi. Sosial şəbəkələrdə pedaqoq olduğunu vurğulayaraq şirkət yaradıb düşərgələr təşkil edən adamlara rast gəlirik. Dəfələrlə şahidi olmuşuq ki, belə lagerlərin təşkilində ucuz başa gələn köhnə avtobuslardan istifadə edilir. Belə düşərgələrin təşkilində təhlükəsizlik məsələsinə ümumiyyətlə diqqət edilmir. Baş Dövlət Yol Polisi İdarəsi bu mövzuda valideynlərlə hər dəfə maarifləndirici söhbətlər aparır, müraciətlər yayılır. Çünki düşərgə təşkili zamanı 5-10-15 nəfər aparmırlar, 30-40 nəfər aparılar. Hətta bəzən bir yox, 2-3 avtobus sifariş olunur ki, kalon şəklində hərəkət edirlər. İdarədən valideynlərə müraciət edilərək bildirilir ki, belə səyahətlər zamanı bizə xəbər edin, biz övladlarınızı müşayiət edək, təhlükəsiz şəkildə gedib geri dönmələrinə kömək üçün əlimizdən gələni edək. Lakin yenə də eyni hallar təkrarlanır”.

Elməddin Muradlı vurğulayıb ki, valideynlər düşərgələri təşkil edən şirkətdən avtobus və sürücü barədə məlumatları tələb etməlidirlər: “Valideynlər sürücüdən tibbi müayinə, nəqliyyat vasitəsinin isə texniki müayinədən keçib-keçmədiyi ilə bağlı sənədlər tələb edə bilərlər. Çünki bu səyahətlər havayı başa gəlmir və həmçinin, vətəndaşlar öz övladlarının canını bu şirkətlərə etibar edir. Ona görə, hər bir valideyn bilməlidir ki, onun övladını neçənci ilin istehsalı olan, hansı tip avtobus daşıyır. Belə düşərgələr daha çox yay mövsümündə təşkil edilir. Ölkənin kifayət qədər böyük turistik potensialı var və vətəndaşlar bundan istifadə edərək yay mösümündə şirkətlər təşkil edir və düşərgələrə sərnişindaşıma təşkilatçılığı ilə məşğul olurlar”.

Ekspert həmçinin qeyd edib ki, belə düşərgələrin təşkili zamanı BDYPİ-yə müraciət etmək mütləqdir: “Hətta bununla bağlı tariflər də müəyyənləşib. əgər tur kalonunda minimum 2 nəqliyyat vasistəsi istifadə ediləcəksə o zaman 2, 1-i istifadə ediləcəksə, 1 patrul xidməti avtomobilinin müşayiəti nəzərdə tutulub. Valideynlər üçün ən vacibi belə turların təşkilində istifadə edilən nəqliyyat vasitələrinin texniki baxış məsələsi olmalıdır. Bir çox şirkətlərin ən ucuz, köhnə, hətta istifadəyə yararsız olan “İkarus” avtobuslarından da istifadə etdiyini görə bilərik. Şirkətlərlə kiminsə işi yoxdur, etsinlər, aparsınlar tarixi yerləri gəzdirsinlər. Gözəl addımdır. Belə düşərgələrdə uşaqlar üçün əyləncəli viktorinalar təşkil edilir, səfalı yerlərə səyahət edilir, bir sözlə, vaxtlarını dəyərli keçirirlər. Lakin ən önəmlisi təhlükəsizlikdir. Məsələn, ötən il belə düşərgələrin təşkili zamanı 3 böyük hadisə baş verib. Ölüm faktı belə olub”.

Hüquqşünas Ərşad Hüseynov deyib ki, qüvvədə olan qanunvericiliyə əsasən, sərnişindaşıma ilə məşğul olan şəxslərin, şirkətlərin xüsusi icazəsi olmalıdır. “Xüsusi icazə buraxılış vərəqəsi rolu oynayır və hər bir avtomobil üçün buraxılış kartıdır. Gecə saatlarında uşaqların daşınması ümumiyyətlə qadağandır. Belə sərnişindaşımalar zamanı mütləq böyük müşayiətçi olmalıdır. Böyük müşayiətçi valideynlərdən, yaxud məktəbin pedoqoji heyətindən olmalıdır. Uşaqların sayı çox olduqda müşayiətçi sayı 2 olmalıdır. Sürücü azyaşlıalrı daşıdığının fərqində olmalıdır. Yolüstü istirahət yerlərinin birində dayanarsa, uşaqları təlimatlandırmalıdır. Onların yolun hərəkət hissəsinə çıxmamaları barədə tənbeh edilməsi mütləqdir”.

Elməddin Muradlı sonda onu da vurğulayıb ki, istər sərnişindaşıma olsun, istərsə də fərdi avtomobilində azyaşlı olan valideynlər olsun, bütün hallarda məsuliyyət valideynin üzərinə düşür: “Bəzən görürsən ki, uşaq avtomobilin lyukundan başını çıxarıb əylənir. Pəncərədən sallanlır. Bu halda günah valideyndədir. Müasir avtomobillərdə hər şey bir düymə ilə həll edilə bilir. Sabah həmin valideyni saxlayıb, niyə belə etdiyini soruşsan, deyəcək ki, uşaq mənimdir, özüm bilərəm. Belə valideynlər də var. Aparıb uşaqları əhalinin kütləvi toplaşdığı istirahət yerlərində, çimərlik ərazilərində avtomobilin sükanı arxasına oturdurlar ki, sür, öyrən. Bu, olduqca təhlükəli haldır. Azyaşlıların avtomobilin lyukundan, pəncərlərindən bədənini yarıya qədər çıxarmasının məsuliyyətini valideyn daşımalıdır. Onlar uşaqlarını belə anlarda yarana biləcək təhlükədən xəbərdar etməlidirlər”.

Mütəxəssislər hesab edir ki, sərnişin daşımaları zamanı edilən kobud səhvlər, təhlükəsizlik qaydalarına riayət edilməməsi ilə yanaşı valideyn məsuliyyətsiliyi qəzalarda azyaşlıların ölüm faktını artımaqda davam edir. Bunun qarşısını almaq isə yenə vətəndaşların: sürücünün və valideynin üzərinə düşür.

Qeyd: Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai birliyinin həyata keçirdiyi “Mən gələcəyəm”: Uşaq və yeniyetmələri yol qəzalarından qorumaq üçün media vasitəsilə maarifləndirmə və təbliğat adlı layihəsi çərçivəsində hazırlanıb.