345 manatı almaq üçün hansı şərtlər ödənilməlidir? - Deputat AÇIQLADI

 16:57 18.07.2024     724

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti yarım il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək. Bununla da iş axtaran vətəndaşlarımız özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əmək haqqı məbləğində, yəni 345 manat vəsait alacaq. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı deputat Vüqar Bayramov bildirdi ki, bu qanundan yararlanmaq üçün müəyyən şərtlər var:

"Qanuna əsasən, bundan yararlanan subyektlər özəl olmalı, son bir il ərzində öz işçilərini ixtisar etməməli, eyni zamanda, vergi borcları olmamalıdır. Bundan sonra Əmək və Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın aylarda siyahı hazırlanacaq və ictimaiyyətə təqdim olunacaq".

Deputat dövlət və hüquqi iş yerlərinin müraciətinin qəbul edilməyəcəyini dedi.

"Əgər sahibkarlıq subyekti özəldirsə və nazirlik tərəfindən hazırlanmış siyahı üzrə və ya sektorlar üzrə iş yeri yaradırsa, hansı ki, bu əmək bazarında daha çox tələb olunan iş yerləri olmalıdır, o halda sahibkarlıq subyekti müraciət edib maksimum 15 nəfər olmaqla kvotadan əlavə iş yeri açmaq imkanına malik olacaq. Bu, yalnız özəl qurumlar üçündür. Dövlət və hüquqi şəxslər, eləcə də bələdiyyə müraciət etmək hüququna malik olmayacaq. Yalnız özəl sahibkarlıq subyektləri müraciət edərək bu imkandan faydalana biləcəklər", - deyə V.Bayramov vurğuladı.

Türkan İSGƏNDƏRLİ