Minimum əməkhaqqı bu qədər arta bilər? - MƏBLƏĞ

 17:19 22.07.2024     890

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın birinə qədər təqdim olunacaq. Hökumətdə müzakirə olunduqdan sonra minimum əmək haqqının artırılması ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir.

Bəs minimum əməkhaqqı nə qədər artırıla bilər? 

Bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov Redaktor.az-a bildirdi ki, minimum əməkhaqqının növbəti dəfə hansı səviyyəyə qaldırılacağı ilə bağlı həm tarixə, həm də məbləğə dair gözləntiləri söyləmək üçün ötən illərdə olan ardıcıllığa nəzər salmağa ehtiyac var:

"Belə ki, 2019-cu ilin sentyabrın 1-dən 250 manata çatan minimum əməkhaqqı 2022-ci ilin yanvarın 1-dən etibarən 20 % artırılaraq 300 manata çatdırıldı. 2023-cü ilin yanvarın 1-dən sonra isə 15 faiz artırlaraq 345 manat oldu. Hazırda isə artıq 2024-cü ilin sonlarında həmin müddətdən 2 il ötəcəkdir. Buna görə də düşünürəm ki, noyabr ayında veriləcək qərarın 2025-ci ilin yanvarın 1-dən etibarən qüvvəyə minməsi daha gözləniləndir".

Ekspert hesab edir ki, 16 faizlik artım daha real görünür. Bu isə 345 manatlıq məbləğin 400 manata çatdırılması deməkdir.

Sevinc İBRAHİMZADƏ