Unla bağlı şikayətlər artıb - tərkibinə nə qatılır?

 17:28 23.07.2024     682

Dənli bitkilərin üyüdülməsindən alınan un bir çox məmulatların istehsalında istifadə olunan məhsuldur. Çörək istehsalı üçün istifadə edilən unların tərkibi bəzən müxtəlif qatqılarla zənginləşdirilir.

Qida eksperti İlkin Şirinov Redaktor.az-a açıqlamasında bildirdi ki, çörəyin rəf ömrünü uzatmaq, rəngində və yaxud çörəyin dadında müxtəlif qida əlavələri etmək daha asan olduğu üçün çörək istehsalında ən çox ağ undan istifadə olunur:

"Bəzən araşdırmalar göstərir ki, unda qatqı maddələrindən həddindən artıq istifadə olunur. Əsasən, qida dəyərini artırmaq, çörəyin rəf ömrünü uzatmaq, müxtəlif həcm və quruluş, dad, ətir və s. üçün kimyəvi qidalardan çox istifadə edirlər".

Ekspert qeyd etdi ki, dəyirmanlarda istehsal olunan unun saxlama şəraiti də əsasdır:

"Əgər saxlama şərait normativlərə uyğun olmazsa, müxtəlif problemlər müştərilərlə satış obyektlərini qarşı-qarşıya qoyur.
Un saxlanılan anbarlarda rütubətlilik normadan artıq olarsa, onda müxtəlif bərk kütlələr yaranır. Son dövrlərdə müxtəlif ticarət obyektlərindən alınan unlarla bağlı şikayətlər də bunu göstərir ki, ən böyük problem un saxlanılan anbarlardakı temperatur, rütubətlilik normalarına əməl olunmamasıdır. Bəzi işbazlar keyfiyyəti arxa planda saxlayır, kəmiyyəti isə ön plana çəkir".

Sevinc İBRAHİMZADƏ