Regionlarda işsizlik səviyyəsini belə azaltmaq olar - Ekspert və deputatlardan TƏKLİF

 18:37 25.07.2024     729

Azərbaycanda işsizlik ən çox regionlarda müşahidə olunur, eyni zamanda regionlardakı işçilərin əmək haqları da paytaxta nisbətən azlıq təşkil edir. 

Bəs regionlarda sosial-iqtisadi inkişaf üçün, məşğulluğun artırılması üçün hansı addımlar atılmalıdır?

Milli Məclisin deputatı Rüfət Quliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, regionlarda kifayət qədər sahibkarlıq mühiti yaradılıb, infrastruktur layihələri həyata keçirilib və insanların işlə təmin olunması üçün xeyli imkanlar yaradılıb:

"Ancaq bir problem var ki, hər regionun özünün xüsusi spesifikası var. Məsələn, cənub regionunda təkcə Lənkəranda  sovet dövründə 54 müəssisə vardı. İndi isə bazar iqtisadiyyatıdır, ona görə də süni formada müəssisələr yaratmaq qeyri-məntiqlidir. Ona görə də oradakı əhali daha çox sahibkarlıq, fermer işi ilə məşğul olsa, kənd təsərrüfatı məhsullarının bolluğu yaranacaq və bunun üçün şərait də var. Söhbət mikro, kiçik və orta sahibkarlığın inkişafı, fermer təsərrüfatından gedir. Eyni zamanda neçə ildir ki, dövlət tərəfindən fermerlərə 15 min manatadadək rahat formada kredit verilir". 

Deputatın sözlərinə görə, sovet vaxtı cənub zonasından Sankt-Peterburqa, Moskvaya 200 min tondan çox tərəvəz gedib:

"İndi ondan 10-15 dəfə az da olsa, bu məhsul regionda yetişdirilsə, bütün emal müəssisələri oraya köçəcək. Çünki bir çox meyvənin daşınması onun keyfiyyətinə də mənfi təsir göstərir. Bölgələrdə intensiv formada zavod və fabriklər açılanda isə yeni iş yerləri də yaranacaq. Bu, bazar iqtisadiyyatının inkişaf qanunudur. Burada əsas məsuliyyət regionlardakı fermerlərin üzərinə düşür. Düşünürəm ki, çox az müddətə, təxminən 2-3 ilə həmin emal zavodları regionlarda açılacaq. Hazırda bir çox yerlərdə var, ancaq məhsul azdır deyə müəssisələr güclü işləmirlər".

Rüfət Quliyev qeyd etdi ki, regionlara mütəxəssislər lazımdır:

"Aqronomlara, subtropik bitkilərin ekspertlərinə, mexaniklərə və s. regionlarda böyük ehtiyac var. Bizim dövlət sifarişi əsasında təhsil alan Kənd Təsərrüfatı Akademiyasının məzunlarını sovet vaxtındakı kimi 3 illik regionlara məcburi formada qaytarmaq lazımdır. Təbii ki, onlar üçün gedəcəkləri yerdə şərait yaradılmalıdır. Güman edirəm ki, 3 ilin sonunacan çoxu həmin yerlərdə məskunlaşacaq. Bundan əlavə, Lənkəranda təhsil alanların 95-96 faizi işlə təmin olunur. Bunu digər regionlarda da həyata keçirmək lazımdır. Astarada, Cəlilabadda, qismən də Masallıda fermer təsərrüfatının nəticəsində uğurlu həyat inkişaf edir. Kifayət qədər çox məhsul var, hətta yollarda da satırlar. Eyni zamanda təbliğat və təşviqat işləri həyata keçirilməlidir. "CBC" kanalında rus dilində "sahibkar saatı", "fermer saatı" keçirilir, kiçik və uğurlu sahibkarlar dəvət olunur və onlar öz keçdikləri yoldan danışırlar. Ancaq bu kimi verilişlər bütün kanallarda sosial çarx kimi yayımlanmalıdır".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov da bildirdi ki, əmək yarmarkaları regionlarda əhalinin məşğulluğunun təmin olunmasına imkan verir:

"Son illərdə Dövlət Məşğulluq Agentliyi tərəfindən bütün iqtisadi rayonlarda əmək yarmarkaları təşkil edilir, yarmarkalarda dövlət və özəl sektordan olan işəgötürənlər, Məşğulluq filialının nümayəndələri, işsiz və işaxtaran şəxslər iştirak edir ki, bu da aktiv məşğulluq tədbirlərində vakansiyalar üzrə iş yerlərinin təmin olunması deməkdir. Yarmarkalarda işaxtaran və işsiz şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaqla karyera imkanları, əmək bazarı və peşələr haqqında məlumatlar verilir; peşə seçiminə istiqamətləndirilir, peşə hazırlığına cəlb edilir, haqqı ödənilən ictimai işlərə cəlb edilir və iş yerlərinə göndəriş verilir. Bütün bunlar regionlarda əmək bazarında mövcud olan tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin məşğulluğunun təmin olunmasına imkan verir".

Millət vəkili qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə də məşğulluq təmin edilməkdədir:

"İndiyə qədər bu ərazilərdə məskunlaşdırılan şəxslərin 2500-ə yaxını məşğulluqla təmin edilib. Burada özünüməşğulluq proqramına 110 nəfər, peşə hazırlığına 100-ə yaxın şəxs, birgə maliyyələşmə üzrə reyestrə 14 nəfər cəlb olunub. Təkcə Laçında köçün həyata keçirildiyi ərazilər üzrə 800-ə yaxın şəxs işlə təmin edilib. Hazırda 800-ə yaxın şəxslə məşğulluğa cəlb olunmaq üçün iş aparılır".

A.Hüseynov vurğuladı ki, 2024-cü il iyulun 1-ə olan tarixə qədər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı 4 978, fərdi sahibkarların sayı isə 91881 təşkil edib:

"Sözügedən tarixə Qarabağ iqtisadi rayonunda 3791 mikro, 186 kiçik, 84 orta və 7 iri sahibkarlıq subyekti qeydə alınıb. Şərqi Zəngəzur iqtisadi rayonunda 835 mikro, 50 kiçik, 20 orta və 5 iri sahibkarlıq subyekti fəaliyyət göstərib. Beləliklə, Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən fərdi sahibkarların sayı 86373, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 5508 olub. Bu da gələcək məşğulluq üçün yeni imkanlar acacaq".

Mövzu ilə bağlı iqtisadçı ekspert Eyyub Kərimli isə qeyd etdi ki, regionlarda məşğulluğun artırılması istiqamətində əsasən bölgələrə güzəştli kreditlərin və güzəştli stimullaşdırıcı tədbirlərin artırılmasına ehtiyac var:

"Bu baxımdan bölgələrdə emal və kiçik həcmli sənaye müəsisələrinin yaradılmasına imkanlar yaradılmalıdır. Dövlət tərəfindən müəyyən vergi güzəştləri verilməlidir. Bölgələrdə yaradılan sənaye və istehsal müəssisələrinə imkanlar yaradılmalıdır ki, bu da öz növbəsində məşğulluğun artırılmasına dəstək olar. Həmçinin regionlarda emal müəssisələrinin müasir standartlara uyğun qurulması ixrac potensialı imkanlarını da genişləndirə bilər. Çünki bölgələrdə əkilən meyvələr birbaşa emal olunaraq əlavə dəyər yarada və xaricə ixrac edilə bilər. Həmçinin kənd təsərrüfatında yeni innovativ texnologiyaların tətbiqinə də böyük ehtiyac var. Hesab edirəm ki, bölgələrimizdə alternativ bərpa olunan enerjinin imkanlarından yerli təsərrüfatda daha çox istifadə olunmalıdır. Müəyyən güzəştli maliyyə əldə etmə imkanları yaradılmalıdır ki, regionların inkişafı sürətlənsin. Həmçinin bu gün heyvandarlıq sahəsində müəyyən problemlər var. Bunun aradan qaldırılması istiqamətində hidroponikanın istehsalını artırmaq, yem istehsalına yönəlmək lazımdır. Bu yeni texnologiya yemin qiymətini də aşağı salacaq ki, bu da öz növbəsində ətçiliyin inkişafına yol açacaq".

Sevinc İBRAHİMZADƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda dərc olunub.

2