Şəhid ailələri və qazilərə daha 200 mənzil verildi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 200 mənzil verilib.
Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, mənzillər Bakı və Mingəçevir şəhərləri, Abşeron, Şəki, Göygöl rayonlarında inşa olunmuş yeni yaşayış komplekslərindən təqdim olunub. Mingəçevir şəhərində mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirak edib.
H.Abdullayev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib.
Postmüharibə dövründə həmin kateqoriyalardan olan vətəndaşlara 6,2 min, ümumilikdə ötən dövrdə 15 mindən çox mənzil və fərdi evin təqdim olunduğu bildirilib. Eyni zamanda, postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi, sosial dəstək proqramları, reabilitasiya xidmətləri ilə əhatə olunmaları, məşğulluqlarının təminatı və s. istiqamətlərdə atılan mühüm addımlardan bəhs olunub.
İ.İsmayılov şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin daim dövlətin diqqət mərkəzində olduğunu, Mingəçevirdə də həmin vətəndaşların sosial müdafiəsi sahəsində ardıcıl işlərin aparıldığını bildirib.
Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.