Çaya soda qatmağın hansı faydası var? - Ekspert açıqladı
Bir çox insan müxtəlif otlardan və ya bitkilərdən hazırlanmış çaya üstünlük verir. Ancaq çaya soda əlavə edənlər də var. Bunu əksər insan sovet dövründə edirdi. Maraqlıdır ki, çaya nə üçün soda əlavə ediblər?
Qida eksperti Fərid Səfərov Redaktor.az-a açıqlamasında çaya soda qatılmasının səbəblərindən danışdı.
Onun sözlərinə görə, bunun əsas səbəbi suyun codluğunu minimuma endirmək idi:
"Çünki o vaxtlar sular həddindən artıq cod olub. Bundan əlavə, adətən tünd dəmlənmiş çayları açmaq və acılığını götürmək üçün sodadan istifadə edilib. Amma müasir dövrdə artıq su əvvəlki kimi cod deyil, eyni zamanda əksəriyyət "ölü su" adlandırdığımız filter sularından istifadə edir. Yəni suyun tərkibindəki insan orqanizmi üçün faydalı olan elementlərin hamısı təmizlənir və sodanın istehlakına ehtiyac qalmır. Ümumiyyətlə, çaya sodanı çox az miqdarda əlavə etmək lazımdır, əks halda onun spesifik dadı artıq istifadə olunanda acılıq verir. Soda əsasən şirniyyatlarda, bundan başqa isə təmizlik məhsullarında da istifadə olunan maddədir".
Ekspert qeyd etdi ki, hər bir insanın orqanizmi individualdır, bu səbəbdən sodadan hər kəs istifadə edə bilməz.
"İnsan ilk növbədə öz orqanizmini tanımalıdır və bilməlidir ki, soda ona necə təsir göstərə bilər. Əksər hallarda soda mənfi təsir göstərir, köp yaradır, böyrəklərdə narahatlıq yaradır. Nəzərə alsaq ki, sodanın tərkibində müəyyən qədər duz da var və gündəlik duz miqdarı 5 qramdır, soda çayın tərkibində faydalı məhsul hesab olunmur. Ondan nə qədər az istehlak edilərsə, o qədər yaxşıdır", - deyə F.Səfərov bildirdi.
Sevinc İBRAHİMZADƏ