Əmək müqavilələri ilə bağlı bəzi problemlər olacaq, çünki... - Sahib Məmmədov

 17:29 14.08.2024     545

Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən ölkəmizdə əmək müqavilələri elektron sənəd formasına keçiriləcək.

Bəs buu qaydanın hansı üstünlükləri var? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirdi ki, bundan sonra əmək müqaviləsini çap etdirməyə ehtiyac qalmayacaq.

"Əslində faktiki olaraq əmək müqavilələri elektronlaşdırılıb pilot olaraq tətbiq olunurdu və hamı əmək müqavilələrini elə onlayn sistem üzərindən bağlayırdı. Ancaq sonra çap etdirib, imzalatmaq məcburiyyətinə qalırdılar. Bundan sonra belə hallar yaşanmayacaq. Bundan başqa təkcə əmək müqavilələri deyil, digər sənədlər də elektronlaşdırılacaq. Bunların üstünlükləri odur ki, zaman-məkan fərqi olmadan rahat şəkildə qeydiyyatdan keçmək, sənədləri doldurmaq mümkündür".

Ekspertin sözlərinə görə, əmək müqavilələrinin elektronlaşdırılmağı, əmək kitabçalarına da təsir edə bilər.

"Əmək kitabçaları da elektronlaşdırılıb, dövriyyədən çıxarılmalıdır. Bunun üçün qanunvericilik sistemində dəyişikliklər edilməlidir. Yəqin, növbəti dəyişiklikdə də o da baş verəcək. Tədricən, eyni zamanda müəssisə daxilində sənəd dövriyyəsi elektronlaşdırılır deyə ümumiyyətlə asanlıq yaradır. Əmək müqavilələri ilə bağlı bəzi problemlər olacaq, çünki onun iki tərəfi imzalanmalıdır. Onun üçün də müəyyən yollar tapıla bilər", - deyə S.Məmmədov qeyd etdi.

Türkan İSGƏNDƏRLİ