Qızlar üçün məktəbli forması müzakirələrə səbəb oldu: Direktor və valideynlərə ÇAĞIRIŞ
Təhsil İnstitunun keçmiş şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova özünün feysbuk hesabında yazdığı statusla gündəmə gəlib. O, qızlar üçün məktəbli formasının uzunluq məsələsinə toxunub.
"Seçib ətəyi ən qısa olanı önə çıxarmaq geyimdə norma formalaşdırmaqdır. Dizdən olsaydı, müasirliyimizə kölgə düşəcəkdi? Soyunmaq nə zamandan sivilizasiyanın əlaməti olub?
Mən universitet tələbəsinə belə geyinməyi icazə vermirəm, 10-cu sinif niyə bu qədər qısa geyinməlidir? Bunun oturub-durmağı var, pilləkənləri qalxmağı var, atlanıb-düşməyi var, əyilib yerə düşən əşyasını götürməyi var, avtobusa çıxıb-düsməyi var.
Dünən metroda gənc bir qız belə qısa donda önümdə əyləşmişdi, ayağını ayağının üstünə aşırmışdı, hər yeri də qalmışdı çöldə. Yanımda əyləşən kişidən mən utandım. Bu 10-cu sinif şagirdi də hələ tam formalaşmayib, qısa geyindirib məktəbə göndərirlər.
Valideyn cahildir, bəs məktəb direktoru? Təhsil idarəçiləri geyimdə niyə məktəb üçün uyğun normanı müəyyənləşdirmirlər?", - deyə Könül Aydın yazıb.
Mövzu ilə əlaqədar sosioloq Lalə Mehralı Redaktor.az-a öz fikirlərini bölüşdü.
Sosioloq bildirdi ki, məktəblərdə həddindən qısa geyinən şagirdlərə çox rast gəlinir. Onun sözlərinə görə, hərçənd bəzi məktəb direktorları bu məsələyə ciddi şəkildə nəzarət edir, ancaq bəziləri üçün də əhəmiyyətli deyil:
"Son dövrlərdə məktəblərdə baş verən qısnama, zorakılıq halları göz önünə gətirilərək, qısa geyinmənin o qədər də uyğun olmadığı qənaətinə varmaq olar. Çünki əyiləndə, qalxanda, hətta öz yoldaşları ilə zarafatlaşdığı hallarda belə ətəyin yuxarı qalxması və ayaqların çılpaq qalması ehtimalı var. Bu vəziyyət də, dövrümüz üçün kifayət qədər təhlükəlidir. Xüsusən valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Ona görə də məktəb direktorları tərəfdən maarifləndirmə işləri aparılmalıdır ki, şagirdlər çox qısa geyimə meyil etməsinlər. Əvvəlki məktəbli formaları şort-ətək idi. Həmin formaların geri qayıtmasını təklif edirəm. Çünki həmin geyimlər bu konteksdə daha effektiv və etibarlı idi. Amma təəssüf ki, ölkəmizdə bu məsələyə nəzarət sistemi yoxdur. Mən məktəblilərin çox qısa geyinməsini tənqid etmirəm, sadəcə olaraq bir məktəbli anası kimi də müşahidə edirəm ki, həddindən artıq qısa geyimlə məktəbə gələn şagirdlər var. Diz qapağından və ya diz qapağının üstündən olan uzunluqda ətəklərin geyinilməsi hamı üçün məqbul olardı".
Lalə Mehralı vurğuladı ki, valideylər özləri yeniyetmə uşaqlarının yanında olmadığı vaxtlarda onların mümkün qədər açıq-saçıq geyinmələrinə icazə verməməlidirlər:
"Həddindən artıq qısa geyim onların zorakılığa və təzyiqə məruz qalacaqlarına səbəb ola bilər. Ona görə də yaxşı olardı ki, vahid formanı hamı eyni uzunluqda geyinsin və mümkün qədər diqqət cəlb etməsin. Çünki cəmiyyət çox təhlükəli vəziyyət alıb və bu halda diqqətli olmaq vacib şərtdir".
Sevinc İBRAHİMZADƏ