Günəşin yandırıcı təsirindən necə qorunaq? - Kosmetoloqdan MƏSLƏHƏT

 13:58 20.08.2024     1681

Dəri xərçənginin ən ölümcül növü olan melanomanın yaranma səbəblərinin 80 faizindən çoxu günəş yanığından qaynaqlanır və bu statistika ilbəil artır. Dünya üzrə hər il təxminən 1,5 milyon nəfərdə yeni dəri xərçəngi aşkarlanır və bunun 2040-cı ilədək 50 faiz artacağı gözlənilir. Bəs günəşin yandırıcı təsirindən necə qorunmaq olar?

Bu barədə kosmetoloq Səadət Bayramova Redaktor.az-a açıqlamasında bildirdi ki, günəş kremi dərini zərərli günəş şüalarının yaratdığı UV (ultrabənövşəyi) şüalarından qorumaq üçün istifadə edilən mühüm məhsuldur:

"Günəşə çıxmadan ən az 30 dəqiqə əvvəl günəşdən qoruyucu kremi tətbiq etməyə başlamaq lazımdır. Su ilə təmasdan sonra və ya tərlədikdən sonra günəşdən qoruyucu kremi hər iki saatdan bir və ya məhsulda göstərilən vaxt intervalında təkrar istifadə etmək vacibdir. Günəşdən qoruyucu krem bütün açıq sahələri (üz, boyun, qulaq, əllər, qollar, ayaqlar) qorumaq üçün mütləq tətbiq edilməlidir".

Kosmetoloq qeyd etdi ki, yağlı, quru, qarışıq və ya həssas dərisi olan kəslər, dəri tipinə uyğun günəş kremi seçməyə diqqət etməlidirlər.

"Yağlı dərilər üçün xəfif və matlaşdırıcı məhsullara, quru dərilər üçün isə daha çox nəmləndirici məhsullara üstünlük verilə bilər.
Həssas dəriniz varsa, allergik reaksiyaların qarşısını almaq üçün tərkibində ətir və rəngləyici olmayan hipoalerjenik günəş kremi seçə bilərsiniz. "Geniş spektr" və ya "UVA/UVB qorunması" və həmçinin SPF (Günəşdən qoruyucu faktor) axtarın. Bu, o deməkdir ki, dərinizi hər iki növ UV şüalarından qoruyacaq", - deyə Səadət Bayramova bildirdi.

Sevinc İBRAHİMZADƏ