Azərbaycanda qızılca riski davam edir - Səhiyyə Nazirliyi

 15:59 21.08.2024     346

Hazırda qızılcaya yoluxma ilə bağlı tək-tək hallar qeydə alınır. Buna görə də valideynlər uşaqları mütləq zamanında vaksin etdirməlidirlər.

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.

O bildirib ki, Azərbaycanda peyvəndlər ilə idarə edilməyən xəstəliklər yox səviyyəsindədir: “Uzun illərdir ki, qızılcaya yoluxma halları da xeyli azalıb. Çox təəssüf ki, bir müddət öncə gətirilmə hallar ilə qızılcaya yoluxmalar artdı. Azərbaycanda 11 infeksiyaya qarşı vaksin həyata keçirilir. Hazırda yeni peyvənd də edilir ki, bu da müsbət nəticə verir”.

Heksavaksin əvvəllər uşaqlara vurulan bir neçə vaksinin birləşməsidir:

“Təxminən 6 adda infeksiyadan söhbət gedir. Tetanus, difiteriya, göy öskürək, hepatit B, poliomielit və influenza virusu əleyhinə vaksindir. Hesab edirəm ki, Dünya Səhiyyə Təşkilatı tərəfindən ən uyğun hesab edilən variantdır”.

O, həmçinin deyib ki, ölkədə hansısa xəstəlik yoxdursa, bu, o demək deyil ki, vaksinləri etməyə bilərik: “Qızılcanın yayıldığı dövrdə bunu müşahidə etdik. Belə ki, bir neçə il xəstəlik ciddi şəkildə azaldı, lakin gətirilmə hallar nəticəsində birdən - birə alovlandı. Bu zaman immunizasiyadan kənarda olan uşaqlar yoluxdular. Buradan belə nəticəyə gələ bilərik ki, xəstəliklərin səngiməsi peyvəndləri etdirməməyə əsas vermir. Valideynlər tövsiyə olunan peyvəndləri təqvimə uyğun vurdurmalıdırlar”.