Hamı telefonuna bu proqramı yükləyir - SİMA nə üçün vacibdir?
"Bu il avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə Fərman imzalanıb. Həmin Fərmanda Azərbaycan Respublikasında bağlanılan bütün əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı müddəa yer alıb.
Fərmanın tələbinə əsasən, artıq ölkəmizdə bütün əmək müqavilələri elektron formada imzalanmalıdır. Bunun üçün də vətəndaşların elektron imzaya ehtiyacı var. Hazırda vətəndaşların ən rahat və tamamilə pulsuz şəkildə əldə edəcəyi elektron imza isə SİMA yeni nəsil rəqəmsal imzadır".
Bu barədə Redaktor.az-a AzInTelecom-dan verilən məlumatda əks olunub.
Bildirilib ki, bir müddətdir, “SİMA İmza” “Əmək və Məşğulluq” altsisteminə (ƏMAS) uğurla inteqrasiya olunub. Artıq ƏMAS-da əmək münasibətləri üzrə bütün əməliyyatların, o cümlədən əmək müqavilələrinin elektron formada imzalanmasının “SİMA İmza” ilə məsafədən həyata keçirilməsi mümkündür:
"Proses zamanı əvvəlcə işəgötürən tərəfindən elektron müqavilə formalaşdırılır və sistem üzərindən işçiyə göndərilir. Bundan sonra işçi ƏMAS-da şəxsi hesabına “SİMA İmza” ilə daxil olaraq “Təsdiq gözləyən Onlayn əmək müqaviləsi bildirişləri” bölməsinə klik edir. Bu hissədə işçi müqaviləni “SİMA İmza” ilə onlayn şəkildə imzalaya bilir. İmzadan sonra müqavilə avtomatik olaraq işəgötürənə göndərilir. Son mərhələdə işəgötürən tərəfindən müqavilə elektron formada imzalanır və proses yekunlaşır. Biz bu prosesi həm də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kağızdan istifadənin azaldılmasına töhfə kimi xarakterizə edirik".
"Məlumat üçün bildirək ki, “SİMA İmza” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” sahibi olmaq üçün vətəndaşların heç yerə getməsinə, sənəd toplamasına və ödəniş etməsinə ehtiyac yoxdur. Sadəcə mobil telefonlarına “SİMA İmza” tətbiqini yükləmək və qeydiyyatdan keçməklə yeni nəsil rəqəmsal imzaya sahib olmaq mümkündür. 2022-ci ildə yaradılmış tətbiqin yüklənmə sayı artıq 2 milyona yaxınlaşmaqdadır", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, son günlər bir çox iş yerlərində kadrlar şöbəsi bütün işçilərə SİMA-nı yükləməyi tapşırıb.
Sevinc İBRAHİMZADƏ