ABŞ-li həkim tibbi təcrübə üçün Yeni Klinikanı seçdi - FOTO
TƏBİB və Yeni Klinikanın tibbi turizm istiqamətində birgə start verdiyi tibbi təcrübə proqramı uğurla həyata keçirilməkdə davam edir.
Yeni Klinikadan Redaktor.az-a verilən məlumata görə, TƏBİB Akademiyasının təcrübə proqramı çərçivəsində ABŞ-nin Oklohoma ştatında çalışan neyrocərrah Erik Stokvell Yeni Klinikanın Neyrocərrahiyyə şöbəsində 2 həftəlik təcrübə proqramına başlayıb. Minimal invaziv onurğa cərrahiyyəsi istiqamətində ixtisaslaşmağı hədəf seçən Dr. Erik Stokvell nəzəri və praktiki biliklərini artırmaq üçün Yeni Klinikanı seçib.
Məlumat üçün bildirək ki, Luiziana ştatının Nyu Orleans şəhərində, Luiziana Dövlət Universitetində bakalavr və rezidentura təhsili alan Dr. Erik Stokvell həmçinin Luiziana Dövlət Universitetində tibb elmləri doktoru dərəcəsinə yiyələnib.
Xatırladaq ki, daha əvvəl TƏBİB Akademiyası və “Həkimlər və TƏBİB Tələbələr” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Xarici Tələbələrin Tibbi Təcrübə Proqramı” daxilində Türkiyə, Rusiya, Almaniya, İspaniya, Çexiya, Rumıniya, Misir, Macarıstan, Malta kimi ölkələrdən gələn 15 əcnəbi tələbənin klinikanın Cərrahiyyə və transplantasiya, Ürək-damar, Reproduktiv sağlamlıq və ailə planlaması, Somatika və STROK, İnsult, Hematologiya və sümük iliyi nəqli mərkəzlərinin tərkibində fəaliyyət göstərən şöbə və bölmələrdə aidiyyəti üzrə təcrübə keçib. Həmçinin tibbi turizmin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən daha bir layihə çərçivəsində Pakistan və Rusiyadan gələn həkimlərin Anesteziologiya-reanimasiya, Travmatologiya-ortopediya şöbələrindəki tibbi təcrübə proqramları yekunlaşıb.