Müzakirələrə səbəb olan parkinq qanunsuz imiş - RƏSMİ

 21:59 07.09.2024     347

Sosial şəbəkələrdə səkinin zəbt edilməsi hesabına Nərimanov rayonu Təbriz küçəsindəki yaşayış binasının qarşısında parklanma yerinin yaradılması ilə bağlı məlumatlar yayılıb.

Redaktor.az xəbər verir ki, məlumatda sakinlərin hələ ilin əvvəlində aidiyyəti orqanlara sözügedən ünvanda ağacların əkilməsi və səkinin yenidən qurulması ilə bağlı müraciət etdiyi bildirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məsələ ilə bağlı məlumat yayaraq ərazidə monitorinq keçirildiyini açıqlayıb.

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nəriman Nərimanov rayonu, Təbriz küçəsində şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib.

Baxış zamanı müəyyən edilib ki, sözügedən ünvanda parklanma yerinin yaradılması qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayıb. Aşkar edilmiş faktla əlaqədar Baş İdarə tərəfindən səkilərin dərhal bərpası və ictimai ərazinin vətəndaşların istifadəsinə verilməsinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verilib”, - məlumatda qeyd olunub.

222