Bakının mərkəzində kirayə mənzillərin qiyməti kəskin artıb
“Formula 1” üzrə Azərbaycan Qran-Prisinin keçirilməsinə sayılı günlər qalıb. Dünyanın bir çox ölkəsindən bu yarışı izləmək üçün turistlər Bakıya gəlir. Turistlər hotellərlə yanaşı, günlük kirayə verilən evlərə də üz tuturlar. Bu da paytaxtın kirayə mənzil bazarında canlanma yaradıb. Əsasən, avtomobillərin hərəkət edəcəyi əsas marşrutun keçdiyi yolların kənarında yerləşən evlərin eyvanından birbaşa “Formula 1” yarışını izləmək imkanı olan mənzillərə tələbat artıb.
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə "Trend"ə bildirib ki, hazırda yarışla əlaqədar Bakıda günlük kirayə mənzillərin qiymətində xeyli artımlar var.
"Mənzillə yanaşı, eyvanların da kirayə verildiyini müşahidə edə bilərik. Kirayə mənzil bazarında hökm sürən hazırkı vəziyyət yarışlar bitənəqədərki dövrü əhatə edir. Bu, paytaxtın ümumi kirayə mənzil bazarındakı qiymətlərə o qədər də təsir eləmir.
Qiymətlərə nəzər saldıqda, görərik ki, avtomobillərin hərəkət edəcəyi əsas marşrutun keçdiyi yolların kənarında yerləşən evlərin qiyməti 3 dəfə artıb. Belə ki, adi günlərdə günlük kirayəsi 100-150 manat idisə, yarış dövründə 300-400 manata aralığında dəyişir. Belə mənzillərin sayı məhdud saydadır".
Əmlak bazarı üzrə ekspert Orxan Rüstəmov bildirib ki, Bakının tarixi mərkəzi hissəsinə düşən həmin ərazilərdə kirayə evlərin qiyməti yarış günləri üçün 5-6 dəfə qalxır.
"Artıq əvvəlki illərdə olduğu kimi, bu dəfə də evinin eyvanı yarış zolağını görən ev sahibləri eyvan icarəsinə başlayıblar. Onlar müxtəlif saytlara elanlar yerləşdirərək, yarışı izləmək istəyənlərə öz eyvanlarının icarəsini təklif edirlər. Buna da avtomanlar tərəfindən maraq çox böyükdür", - deyə o qeyd edib.