"Əgər xəyanət dəfələrlə olarsa və ya ilk dəfədən olarsa..." - Psixoloqdan AÇIQLAMA

 17:48 10.09.2024     319

Son zamanlarda evlənənlər arasında boşananların sayı daha da artıb. Ən çox rast gəlinən boşanma səbəbləri hansılardır? Niyə ailələr evliliklərini uzun müddət qoruya bilmir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirdi ki, zaman keçdikcə, insanların düşüncə tərzi dəyişdiyindən boşanmalar artır:

"Əslində içki, zərərli vərdişlər, şiddət, zorakılıq boşanmalara gətirib çıxarır. Bu, keçmişə nisbətən son dövlərdə daha artıb. Misal üçün deyək ki, keçmiş dövrdə olan xanımlarımız var ki, diqqətsizlik, qayğısızlıq, dəyərsizlik və cinsi həyatın olmamasını keçə bilirdilər. Sadəcə bir ana obrazı olaraq ailəni qoruya bilirdilər. Yəni sanki bir ana-bacı obrazı olaraq qalırdılar, yoldaş obrazından çıxırdılar. Yəni bundan öncə mənəvi şiddət və zorakılığı gözardı etmək olurdu. Ancaq indiki dövrlərdə bu bir az nisbətən artıq xanımlara təsir etməyə başlayır. Bəzi xanımlar artıq mənəvi zorakılığa davam gətirə bilmir. Yəni mənəvi incidilməyə, mənəvi acılara davam gətirə bilmirlər".

Psixoloqun sözlərinə görə, fiziki şiddətlə yanaşı həm də mənəvi şiddət boşanmalara gətirib çıxarır.

"Mənəvi acı dedikdə nəzərdə tutulan, kişinin qadına zaman ayırmaması, sərt, kobud davranması, bir xanımın özünü xanım olaraq, qadın olaraq hiss edə bilməməsidir. Bu səbəblər ailənin dağılmasına səbəb ola bilir. Ancaq sözsüzk ki, yuxarıda sadalananların biri sırf səbəb olmur. Bir neçə faktor, bir neçə cəm toplanır ki, bu da boşanmağa gətirib çıxarır. Ancaq bunlardan bir səbəb var ki, digər faktorlara ehtiyac olmur. Misal üçün, aldadılma, xəyanət. Əgər xəyanət dəfələrlə olarsa və ya ilk dəfədən olarsa, o zaman digər şeylərə ehtiyac olmadan bəzi ailələrin dağılmasına səbəb ola bilər. Ancaq yox, bir aldadılmadan əlavə digər faktorlar, misal üçün varsa, içki olsun, zərərli vərdişlər olsun, onun daha şiddətli forması olarsa, daha ağır bir forma olarsa, ailələr dağılmaq üzrə olur. Çünki bizim Azərbaycan ailələri dözümlü ailə modelidir. Bunu da dözümlü edən xanımlardır. Xanımlarımız dözümlüdür. İndiki dövrdə artıq xanımlarımız o ağırlığa dözə bilmirlər. Deyir, "anam dözüb, nənəm dözüb, xalam dözüb, mən nəyə görə dözüm". Artıq buna dözmək istəmirlər ki, bunu etmək haqlarıdır", - deyə Nabat Mirzəyeva bildirdi.

Türkan İSGƏNDƏRLİ