“iPhone 16” Azərbaycanda neçəyə satılacaq? - AÇIQLAMA
“Apple” şirkəti öz smartfonlarının yeni nəslini - ənənəvi olaraq dörd modeldən ibarət olan “iPhone 16”nı təqdim edib. ABŞ-də “iPhone 16”nın qiymətləri 799 dollardan, “iPhone 16 Plus” üçün isə 899 dollardan başlayır. “iPhone 16 Pro” 999 dollardan, “Pro Max” isə 1199 dollardan başlayır.
Qeyd edək ki, Azərbaycan alıcıları da bu smartfonları səbirsizliklə gözləyirlər.
Bəs ölkəmizdə bu qiymətlər necə olacaq?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirdi ki, istənilən insan və şirkət telefonu gətirib, müxtəlif qiymətə sata bilər.
"Düşünürəm ki, "iPhone" kimi şirkətin ilk növbədə nümayəndəliyi olmalıdır. Azərbaycanda rəsmi dileri olmalıdır ki, hər hansı bir formatda şəffaflıq müəyyən olunsun. Əgər bu yoxdursa, istənilən vətəndaş sifarişlə onu xaricdən gətirə bilər. Sadəcə olaraq gömrük rəsmiləşdirilməsini həyata keçirməli olacaq, yəni ki, idxal rüsumunu, ƏDV-ni verəcək. Bizdə telefonların qeydiyyatdan keçməsi üçün müəyyən bir rüsum var. Bu nöqteyi-nəzərdən vətəndaş onu gətirib baha sata bilər. Buna hər hansısa bir məhdudiyyət yoxdur".
Ekspertin sözlərinə görə, tələbatdan asılı olaraq, satış qiymətlərində dəyişiklik ola bilər.
"Aydın məsələdir ki, tələbat çox olduqda sahibkar kifayət qədər üstünə gəlir qoyacaq. Ancaq bazarda rəqabətin artması, satış məntəqələrinin çoxalması qiymətlərin düşməsinə səbəb ola bilər. Təbii haldır ki, bazarı saxlamaq üçün, malın əldə qalmaması üçün maksimal şəkildə qiymətləri aşağı salacaqlar. Bəzən olur ki, telefonlar məhdud sayda gətirilir. İnsanlar o modeli əldə etməkdən ötrü bazar qiymətindən də artıq təklif edə bilər ki, telefon 1800-dür, amma mən 2200 verirəm. Demək istədiyim odur ki, alıcılar qiyməti tənzimləyən əsas qüvvələrdir. Yəni ticarətdə, biznesdə belə hallar olduğu üçün qiymətlərin oynaması kifayət qədər geniş diapazonda baş verir", - deyə Fuad İbrahimov bildirdi.
Türkan İSGƏNDƏRLİ