Üç min şəhidlə bağlı məlumat vikipediadan SİLİNİB?

 22:11 12.09.2024     671

Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələr Vikipediyadan silinib.

Redaktor.az xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas özünün feysbuk hesabında məlumat verib.

O, üç min şəhidlə bağlı məlumatların vikipediyadan tamamilə silindiyini feysbuk hesabında yazıb:

"Aralında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar var. Müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediaçılar tərəfindən təmamilə silindi. Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər.

Bu işi qaldıran və icmada razılıq olmadan edənlər isə bu yaxınlarda vətənə xəyanət maddəsi ilə həbs olunan Bəhruz Səmədovun Azərbaycan dili də daxil olmaqla 5 dildə məqaləsini yaradıb. "Artsax"a müstəqillik arzulayan, azərbaycanlı olduğu üçün utanc duyan Bəhruz Azərbaycan alimi, sülh tərəfdarı kimi müxtəlif dillərdə vikipediaya yerləşdirilib.

Qlobal vikipediaya fondundan heç bir istək və məhdudiyyət olmadan illərdir məqaləsi olan şəhidlər silinib. Bu birbaşa azərbaycanlı vikipediaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, vikipediadan silinir. Əvəzində manıs, rəqqas məqalələri qalır. Bəli, bunu edənlər azərbaycanlılardır.

Mənim məqaləmin silinmə səbəbi də hakimiyyət yönümlü fəaliyyətdə günahlandırılmağım və prezident mükafatı almağım idi. Hər şey gün kimi ortadadır və Azərbaycan vikipediasının tör-toküntü saxta anarxistlərin əlində olduğunu göstərir. Bu etdiyiniz haqlı mübarizə metodu deyil. Amma əmin olun sizə uyğun mübarizə və cavab mən tərəfdən olacaq.

Bu işi edənləri adbaad ortaya çıxarmışam. Əgər hələ də Azərbaycanda həqiqi vikipediaçılar varsa, bu mövzuda mənə dəstək olsunlar. Sizin adınızı açıqlayacam. Baş Prokrorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə haqqınızda bütün detalları ötürəcəm".

Məsələ ilə bağlı “Qafqazinfo” Vikipediya Azərbaycanın inzibatçısı Ayxan Ziyadzadə ilə əlaqə saxlayıb.

İnzibatçı bildirib ki, şəhidlər haqqında informasiyaların tamamilə silinməsi barədə məlumatlar reallığı əks etdirmir. Həmin məlumatlar siyahılaşdırılıb və Vikipediyada verilib:

“Şəhid məqalələri 2020-ci ildən başlayaraq Azərbaycanca Vikipediyada könüllülərin fərdi təşəbbüsü ilə müvəqqəti olaraq yaradılmışdı. Bunun məqsədi ilkin olaraq şəhidlərimiz haqqında məlumatın azad platformaya yerləşdirilməsi və geniş çərçivədə resurs mənbələrinin bunu özünə köçürməsi idi. Vikipediya buna görə uyğun idi ki, orada yazılan mətnlər müəllif hüquqları ilə qorunmur, hər kəs köçürə bilər. Buna baxmayaraq, son dörd il ərzində bu məqalələri saxlamaq çətinləşməyə başlamışdı. Vikipediya Azərbaycan Respublikasının nəzdində olan vebsayt deyil, qlobal platformadır və müəyyən qaydalar var ki, beynəlxalq formada tətbiq edilir.

Biz əlimizdən gəldikcə o məqalələri saxlamağa çalışdıq, lakin artıq məsələ ABŞ-də yerləşən Vikimedia Fondunun diqqətinə belə çatmışdı. Vikipediyanın qaydalarına əsasən, həmin məqalələr ümumiyyətlə yaradılmamalı idi. Bu səbəblə son çarə kimi, artıq yaradılan məqalələrin öz məqsədinə çatdığı qənaətində olaraq konsensus ilə silinməsinə qərar verilmişdi. Buna baxmayaraq, həmin konsensus aylardır icra olunmurdu. Mən sadəcə silmə səlahiyyətlərinə malik bir inzibatçı kimi həmin konsensusu icra etmişəm.

Şəhidlərin ruhu, mirası biz də daxil olmaqla bütün Azərbaycan vətəndaşları üçün ucadır. Biz onların mirasının davam etməsi üçün əlimizdən gələni etmişik və baş vermiş hadisənin bu cür şərh edilməsi məni şəxsən məyus edir”.