Gənclər niyə evlənmir? - Sosioloq: "Əhali qocaldıqca gənc nəsil azalacaq"

 19:35 16.09.2024     339

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, cari ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 26837 nikah və 12370 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Bəs boşanmalar niyə çoxalıb? Gənclər nə üçün evlənməkdə maraqlı deyillər?

Mövzu ilə əlaqədar Redaktor.az-a danışan sosioloq Elçin Bayramlı bildirdi ki, boşanmaların çoxalmasına paralel olaraq evlənənlərin sayı azalıb və evlənmə yaşı getdikcə artır:

"Bu, milli genofonda qarşı çox ciddi bir təhlükədir, demoqrafik vəziyyətin getdikcə ağırlaşması deməkdir. Bunun nəticələri və hara aparıb çıxaracağı məlumdur. Odur ki, buna yol açan səbəbləri aradan qaldırmaq lazımdır. Söhbət iki əsas səbəbdən gedir: sosial-iqtisadi və mənəvi-psixoloji səbəblər.

Müasir dövrdə ölkəmizdəki vəziyyət, əhalinin yoxsulluğu, işsizliyin yüksək səviyyədə, gəlirlərin isə çox aşağı olması, evsizliyin getdikcə artması və bu kimi məsələlər gəncləri evlənməkdən çəkindirir. Faktiki olaraq, gənclərimizin bir çoxu işsizdir, işləyələr isə ortalama 500 manat civarında maaş alırlar. 500 manat isə bir nəfərin xərcini güclə ödəyir. Gənclərin böyük bir hissəsinin evi yoxdur, qalanların isə atadan-anadan qalan evləri var. Evi olmayan 70 faiz gənc evlənəndə kirayədə qalmalıdır, bizdə isə kirayə qiymətləri elə maaşa bərabərdir, yəni qazandığını kirayəyə verməlisən. Bu halda ailə sahibi olmaq mümkün deyil. Ona görə gənclər evlənməkdən çəkinir, iş qurub ev almaqlarını gözləyirlər. Bəzən bu mümkün olmur və 30-35 yaşdan sonra da evlənmək problem olur". 

Sosioloqun sözlərinə görə, bunun aradan qaldırılması üçün bir çox ölkələrdə müvafiq tədbirlər görülür:

"Gənclərin xüsusi dövlət proqramları vasitəsilə təhsil alması, müəyyən  peşəyə yiyələnməsi, işlə təmin olunması, güzəştli şərtlərlə ev alması və s. imkanları yaradılır. Hətta  bəzi ölkələrdə evlənənlərə dəstək məqsədilə dövlət tərəfindən əlavə vəsaitlər ödənilir. Bizdə bunların heç biri yoxdur. Ona görə də ildən-ilə evlənmə faizi sürətlə aşağı düşəcək, evlənmə yaşı yenə artacaq. Hazırda 35-ə çatıbsa, 40-ı keçə bilər. Belə olduqda bir çox şəxs evlənə bilməyəcək. Bu artıq dövlətin işidir və bununla bağlı xüsusi  proqramlar hazırlanmalıdır, təəssüf ki, heç biri edilmir". 

Elçin Bayramlı imkanlı kateqoriya arasında da evliliyə marağın azaldığını vurğuladı:

"Bu isə mənəvi-psixoloji səbəblərlə bağlıdır. Son dövrlərdə müasirlik, eqoizm və s. məsələlər gənclərin psixologiyasını dəyişdirib. Çox gənc artıq öz həyatı üçün yaşayır və ailə məsuliyyətinə girmək istəmir. Baxmayaraq ki, imkanları da var, amma evlənməkdə maraqlı olmurlar".

Sosioloq qeyd etdi ki, ölkəmizdə doğum sayı ildən-ilə azalır, artıq bir uşaqlı ailə modelinə keçirik:

"Bu proseslər cəmiyyətimizi uçuruma aparır. Əhali qocaldıqca gənc nəsil azalacaq, ailələrin sayları azalacaq. 20 ildir bu məsələ ilə bağlı həyəcan təbili çalırıq, amma dövlət heç bir tədbir görməyib. Gənclərimiz xarici ölkələrə üz tuturlar. Belə bir cəmiyyətdə sağlam gələcəkdən danışmaq mümkün deyil. Burada hər iki tərəfdən yük dövlətin üzərinə düşür. 

Dövlət elə bir siyasət aparmalıdır ki, həm mənəvi-psixoloji vəziyyəti sağlamlaşdırsın, mənəvi dəyərlərimizi qorusun, həm də sosial-iqtisadi şərtlər təmin olunsun. Yeni evlənənlərə dəstək olunmalıdır, uşaqpulu verilməlidir, gənclərə uzunmüddətli faizsiz kreditlə sosial evlər verilməlidir. Bu kimi məsələlər boşanmaların sayını azalda və evlənənlərin sayını çoxalda bilər. Ancaq hələ ki belə addımlar yaxın zamanda gözlənilmir, bu da o deməkdir ki, vəziyyət getdikcə daha da pisləşəcək". 

Sevinc İBRAHİMZADƏ