Obyekt sahiblərinin avtobus zolağı problemi - AÇIQLAMA

 15:42 18.09.2024     444

Artıq Bakıda yollarının bir çox hissəsində avtobus zolaqları çəkilib. Bunun ictimai nəqliyyatdan istifadə edənlər üçün, yəni onların mənzil başına tez getmələri üçün faydası olsa da, ancaq həmin yol kənarlarındakı iaşə və ticarət obyektləri üçün mənfi təsirləri var. Belə ki, avtobus zolağına digər avtomobillərin daxil olması, orada maşın saxlamaq qadağandır və bunu edənlər cərimələnirlər. Bu səbəbdən də zolağın kənarındakı obyekt sahibləri xeyli müştəri itiriblər.

Bəs hansı işlər görülməldir ki, nə şiş yansın, nə kabab?

Mövzu ilə bağlı Redaktor.az-a danışan danışan nəqliyyat eksperti Yasin Mustafayev öncə bildirdi ki, Bakıda avtobus zolaqlarının yanında avtomobilləri saxlamaq üçün də əlavə zolaqların çəkilməsi hələ mümkünsüz görünür:

"Şəhər oturuşmuş şəhərdir, binalar tikilib, küçələr, prospektlər çəkilib. Onları genişləndirmək, əlavə zolaq çəkmək çətin məsələdir. Bu sıxlığın, tıxacının qarşısını almaqdan ötrü də yeganə çıxış yolu ictimai nəqliyyatın işini optimallaşdırmaqdır, onlara zolaqlarını ayırmaqdır. Bunun üçün də bu işlər həyata keçirilir. Təəssüflər olsun ki, bəzi yerlərdə belə hadisələrlə rastlaşırıq. Bəli, mağazaların, digər iaşə obyektlərinin qarşısı kəsilir. Hər halda vətəndaşlar da bunu başa düşməlidir ki, bu, ümumi şəhərin ab-havasına, nəqliyyat sferasına müsbət təsir edən amildir".

Ekspertin sözlərinə görə, sahibkarların işini asanlaşdırmaq üçün alternativ həllər tapmaq lazımdır.

"Təbii ki, vətəndaşı da başa düşmək lazımdır ki, işi axsamasın. O yerlərdə əlavə zolaq çəkilməsi mümkündürsə, çəkilsin. Vətəndaşın giriş çıxışına başqa bir istiqamətdə yol fikirləşmək lazımdır. Burada vətəndaş da haqlıdır. Bunun üçün individual olaraq yerində baxıb araşdırmaq lazımdır. Yəni demək olmaz ki, zolaq çəkilməsin və yaxud da olmaz ki, vətəndaşın obyektin önü bağlansın. Ona görə hər bir obyekt üçün diqqətlə araşdırıb, heç kimin işinə xələl gəlmədən, heç bir işi axsatmadan həll etmək lazımdır", - deyə Yasin Mustafayev bildirdi.

Türkan İSGƏNDƏRLİ