"Ölkəmizdə ailə-məişət məsələlərinə qarışan qruplar var" - Sərdar Cəlaloğlu

 15:54 20.09.2024     475

Müğənni Sevinc Ağaşirinova kişinin həm pul qazanmalı, həm də evdə paltar yuyub, paltar sərməkdə xanıma kömək etməli olduğunu deyib. Ümumiyyətlə son vaxtlar kişilər və qadınların öhdəlikləri müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirdi ki, qadınlar kimi, kişilərin də hüquqlarının qorunması ilə bağlı təşkilatlar var:

"Dünyada kişilərin hüquqlarının qorunması ilə bağlı yüzlərlə təşkilat var. Son vaxtlar dünyada qadınlar bu kəbin pozulandan sonra mülkiyyətlərə sahib çıxırlar. Bəzi ailələrin özündə qadın zorakılığı müşahidə olunub. Azərbaycanda hələ də bu feminist qruplaşmaları yalnız qadınların müdafiəsi ilə məşğul olur. Amma qanun qarşısında bərabərlik olduğuna görə kişilərin də, qadınların da bərabər şəkildə hüquqları qorunmalıdır. Bu baxımdan bəzi məsələlərdə kişinin də, qadının da öhdəlikləri ilə bağlı hüquqlar təyin olunmalıdır. Hətta kəbin institutunda qadının da, kişinində konkret öhdəlikləri var. Hər kəs bu öhdəliyi yerinə yetirməlidir".

Partiya sədrinin sözlərinə görə, ölkəmizdə ailə-məişət məsələlərinə qarışan qruplar var.

"Bəzi qruplar var ki, onlar xaricdən dəstəklənirlər. Bunlar Azərbaycanda ailə institutunun, milli adət-ənənələrin pozulmasına, inkişafa əks təsir edir. Qadınların bu cür çıxış etməsini, müdafiə etməsini normal dəyərləndirmirəm. Yəni qadının da, kişinin də öz yeri var. Sözsüz ki, qadın kişilərin başını tacıdır, amma eyni zamanda ailə ocağının qorunması, işlərin görülməsi, qadınların vəzifəsidir. Kişinin vəzifəsi isə pul qazanmaq, ailəni qorumaq, mühafizə etmək və s. Amma indi dediyim kimi, müəyyən belə pozucu ünsürlər var. Bunlar sadəcə ənənəvi türk, müsəlman qadın-kişi funksiyalarının dağıdılmasına xidmət edir", - deyə Sərdar Cəlaloğlu vurğuladı.

Türkan İSGƏNDƏRLİ