“Ata bunu edirdisə, yaxınları niyə susurdu?” – Ekspertlər Şamaxıdakı olaydan danışdı

 14:03 23.09.2024     708

Şamaxıda atanın boşanmaq istəyən qızını 7 gün zirzəmidə saxlaması müzakirələrə səbəb olub. Təbii ki, məhkəmə qızına qarşı bu cür qanunazidd hərəkət edən Vüqar Həsənovu 1 il 6 ay islah işləri ilə cəzalandırıb.

Redaktor.az hadisə ilə bağlı ekspertlərin fikrini öyrənib.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, qadınların həyatları ilə bağlı qərarları hələ də valideynləri tərəfindən qəbul edilmir:

“Belə halların artması onu göstərir ki, qadınların həyatları ilə bağlı qərarların qəbulu hələ də yaxınları tərəfindən qəbuledilməzdir. Qadın 18 yaşdan yuxarı olsa belə onun qərar qəbul etməsi özündən yox, daha çox atasından, bəzən də qardaşından, ərdə olarkən isə ərindən asılı olur. Bu hallar isə əlbəttə ki, cinayət əməlidir və şikayət olsa da, olmasa da şəxs cəzalandırılmalıdır”.

M.Zeylanova deyib ki, ata bu hərəkəti ilə düşünür ki, qızının gələcək həyatında müsbət addımlar atır:

“Bu məsələ isə cəmiyyətin sağlam olmaması və stereotiplərin getdikcə daha çox qadınların əleyhinə formalaşmasının nəticəsidir. Bu məcburiyyətin digər tərəfi də iqtisadi azad ola bilməyən, heç bir peşə təhsili olmayan qadının cinsəl qorunması düşüncəsidir. Lakin fakt ondan ibarətdir ki, valideynlər qızların təhsilinə dəstək vermək əvəzinə, onları ərə verərək qızlarının yerinə qərarı özləri verir. Çox yaxşı haldır ki, artıq hüquq-mühafizə orqanları, məhkəmə və digər qurumlar bu stereotiplərə baxmayaraq qanunun icrasını yerinə yetirirlər. Təklif edirəm ki, elə ailələr üçün yol xəritəsi hazırlansın və orada hər bir şəxsin hüququ, vəzifəsi, öhdəliyi, məsuliyyəti və cəzası qeyd edilsin”. 

Psixoloq Zeynəb Əyyubova isə bildirdi ki, ölkəmizdə evlənmə və boşanma mədəniyyəti yaradılmadıqca, bu problemləri yaşayacağıq:

“Əvvəla ata statusuna hazır olmayanlar ata, ana statusuna hazır olmayan isə ana olur. Tutaq ki, bu ata ya problemlidir, ya da hansısa travmatik şəxsiyyətdir. Bəs onda yeddi gün qız zirzəmidə saxlanılarkən niyə onun anası, bacısı, qardaşı susurdu. Azərbaycanda artıq el qınağı deyə bir şey qalmayıb. Yəni elin qınağı mənfi mənada olan işlərdə qalıb, amma müsbət mənada qalmır. Bir ata bilsə ki, qızımla bu cür rəftara görə el məni qınayacaq, o ata bu işlə məşğul olmaz. Ona görə də ilk növbədə qızlar arasında maarifləndirmə aparılmalıdır. Onlar evlilik müqavilələri bağlamalıdırlar. Evlənməmişdən öncə istər qız, istər oğlan tərəfi bilməlidir ki, onun hansı məhdudiyyətləri və konfortları var. Xüsusən həyat yoldaşı arasında olan şiddət və xəyanət cütlüklər boşananda kişinin əleyhinə işləyərsə, kişilər bundan çəkinərlər”. 

Vasif ƏLİHÜSEYN