"İnternatlarda yaşayan uşaqlar onsuz da travmalıdır, onlara dəstək göstərilməlidir" - AÇIQLAMA

 17:58 23.09.2024     94

Tez-tez uşaq evlərində müəyyən problemlərin yaşandığı ilə bağlı xəbərlər eşidirik. Bu, bəzən uşaqların öz dilindən olan etiraflar, bəzən isə müəyyən videogörüntülərdə əks olunur. Həyatın qayğılı günləri ilə uşaq evlərində savaşaraq böyüyənlərin vəziyyətinə isə cəmiyyət etinasız yanaşa bilməz. 

Bəs uşaq evlərində əsasən hansı problemlər mövcuddur?

Bu barədə "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri və Uşaq Qaynar Xətt xidmətinin rəhbəri Kəmalə Aşumova Redaktor.az-a açıqlamasında bildirdi ki, uşaq evlərində onların adaptasiyası, psixoloqların təkmilləşdirilməsi, uşaqyönümlü müəllimlərin cəlb olunması çox vacibdir:

"Müəyyən çətinliklər ola bilər, ancaq hər bir pedaqoq, psixoloq öz vəzifəsindən asılı olmadan bilməlidir ki, özünün psixoloji durumunda və şəxsi keyfiyyətlərində problem varsa, o, uşaqla işləyə bilməyəcək. Xüsusilə bilirik ki, uşaq evlərində, internatlarda yaşayan uşaqlar onsuz da travmalıdır. Onların orada yaşamaqları üçün şərait yaradılmalıdır, müvafiq dəstək göstərilməlidir. Birinci məqsəd onların travmasının aradan qaldırılmasıdır. Amma bəzən travmanın təkrarlanması da baş verə bilir. Ona görə də burada uşaqyönümlü yanaşmanın inkişaf etdiriməsi, kadrların inkişafına dərindən diqqət yetirilməsi vacibdir".

Təşkilat rəhbərinin sözlərinə görə, müəssisələrdə Uşaq Qaynar Xətt Xidməti haqqında məlumatlılığı artırmaq laızmdır:

"Burada məqsəd hansısa uşaqdan məlumat gəldi və həmin uşaq evinin rəhbərliyinə cəza verilməsi olmamalıdır. Bizim əsas məqsədimiz həmin uşağın durumu, onun keçdiyi çətinliklər haqqında məlumat almaq, onun daha yaxşı yaşaması, inkişafı üçün hansı fəaliyyətləri görmək olar deyə müəssisə ilə, uşaq ilə, uşaqlara xidmət göstərən digər mərkəzlərin və ya peşəkar mütəxəssislərin köməyi ilə dəstək verməkdir".

Kəmalə Aşumova qeyd etdi ki, hal-hazırda uşaq evlərində vəziyyət qənaətbəxşdir, onların inkişafı üçün tədbirlər görülür və dövlət dəstəyi də mövcuddur:

"Əsas məsələ psixoloji vəziyyətdir: əzəldən o uşaqların öz həyatlarında baş verən travmalar, valideyn qayğısı olmadan yaşamaq və s. Təbii ki, hər bir uşağın ailədə yaşaması vacibdir. Çalışmalıyıq ki, uşaqlar əsasən ailə münasibətlərində böyüsünlər, tərbiyələnsinlər ki, müəssisələrə ehtiyac olmasın. Ancaq təəssüf ki, hələ bu müəssələrə ehtiyac var və bu istiqamətdə dövlət dəstəyi də vacibdir. 

Uşaq evlərində uşaqların yaşayışını daha da məhsuldar etmək üçün xüsusi təlimatların hazırlanması, uşaq müdafiə sistemi ilə bağlı çalışan kadrların təkmilləşdirilməsi, seçilmiş kadrların qiymətləndirmədən, müvafiq psixoloji müsahibələrdən keçirilməsi və s. onlar işə başladığı gündən təhlil olunmalıdır. Onlar peşəkar bacarıqlara malik olmalıdırlar ki, uşaqlara töhfə verə bilsinlər".

Birlik sədri əlavə etdi ki, uşaq evlərində uşaqların qidalanması, yaxşı şəraitdə yaşaması üçün infrastruktur, avadanlıqlar təchiz olunmalıdır uşaqların asudə vaxtlarını rahat keçirmələri təmin olunmalıdır. 

"Elə bir müəssisə tanımıram ki, uşaqlar üçün təşkil olunmasını istədiyimiz hansısa məsələdən imtina edilsin", - deyə o qeyd etdi.

Sevinc İBRAHİMZADƏ