Qatar biletlərini endirimlə necə ala bilərik?

 18:11 23.09.2024     491

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) müştərilərinə daha çevik və münasib qiymət imkanları təqdim etmək məqsədilə 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir.

Redaktor.az xəbər verir ki, bu yanaşma sərnişinlərə səyahətlərini daha rahat və sərfəli planlaşdırmağa imkan verəcək.

Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişəcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlər real vaxtda qiymətləri izləmə və ən uyğun səyahət vaxtını seçmə şansı yaradılır. Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər maksimum 15% endirimdən yararlana biləcəklər. Bu da o deməkdir ki, sərnişinlərin sürətli qatarlarla Ağstafaya 14,5 AZN, Qəbələyə isə 12 AZN-ə bilet əldə etmək şansı var. 

Yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim təqdim edir: “Sərnişinlər səyahətlərini öncədən planlaşdırmaqla endirimli qiymətlər əldə edə bilərlər. Qiymətlər alış tarixinə, həftənin gününə və oturacaq istiqamətinə görə müəyyən edilir. Bu dinamik tarif modeli erkən alış edən sərnişinləri mükafatlandırır, həmçinin öncədən əlavə qatarların (reyslərin) təyin edilməsində ADY üçün planlaşdırma imkanları yaradır”.

Qeyd edək ki, Bakı-Qəbələ-Bakı marşrutu üzrə sadəcə həftə sonları sərnişindaşıma fəaliyyəti olduğu üçün bu xətt üzrə həftənin gününə görə dəyişkən qiymət siyasəti nəzərdə tutulmayıb.