İqtisadçı sosial yardım ala bilməməyin səbəbini AÇIQLADI
Bir çox ölkələrdə yoxsulların qeydiyyata alınması həyata keçirilir. Azərbaycanda isə bu proses elə ünvanlı sosial yardım deməkdir. Lakin ünvanlı sosial yardımdan bir çox vətəndaş faydalana bilmir.
Bəs vətəndaşların sosial yardımdan yararlanmasını əngəlləyən əsas problemlər nədir?
Bu barədə iqtisadçı ekspert Eyyub Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, ən yaxşısı insanlarımızın ünvanlı sosial yardıma ehtiyac duymaması, hər kəsin işləyib gəlir qazana bilməsidir:
"Ünvanlı sosial yardım kasıb, sosial həssas təbəqəyə verilir, onların gəlirləri ailəsini dolandırmağa yetmir. Bu baxımdan, sözsüz ki, bunun əhatəsini genişləndirmək əvəzinə, daha çox insanı özünüməşğulluğa cəlb etməliyik, onlar üçün yeni iş yerlərinin açılmasına dəstək olmalıyıq. Bizdə hazırda proqramların çoxu özünüməşğulluğun artırılması, təmin edilməsi ilə bağlıdır ki, vətəndaşlar özlərinin kiçik biznesini qura bilsinlər, gəlir əldə etsilər, işaxtarandan işəgötürən statusuna keçsinlər, vergi ödəsinlər. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Dünya praktikasında da belə bir deyim var ki, insanlara balıq verməyin, balıq tutmağı öyrədin".
İqtisadçı qeyd etdi ki, bəzi vətəndaşların sosial yardımdan yararlana bilməməsi onların sənədləşmə problemləri ilə bağlıdır:
"Müəyyən çətinliklərlə qarşılaşa bilirlər. Eyni zamanda Nazirlər Kabinetinin qərarları var ki, həmin kriteryalara bəzi ailələrin imkanları cavab vermir. Bütün bu istiqamətdə islahatların aparılması daha məqsədəuyğun olardı və sosial yardım o zaman əlçatan olardı.
Bu gün sosial yardım almaqda əsas problemlərdən də biri çox insanın işləsələr də, rəsmi iş yerlərinin olmamasıdır. Belə olan halda onlar rəsmi gəlirlərini təsdiqlədə və minimum ehtiyac miqdarını göstərə bilmirlər. Bu məsələlər mütləq öz həllini tapmalıdır. Ailələrin sənədləri müvafiq qanunlara uyğun gəldiyi halda ona mütləq sosial müavinət ayrılır".
Sevinc İBRAHİMZADƏ