Qarabağda fərdi ev tikmək mümkündür? - AÇIQLAMA

 16:52 30.09.2024     3568

Qarabağ zonasında həmin ərazilərin sakinləri üçün evlərin tikildiyi məlumdur. Ancaq oranın sakinləri olmayan vətəndaşlar da həmin ərazilərdə fərdi ev tikib vaxtaşırı orada yaşamaq istəyirlər.

Bəs bunun üçün hansı icazələri almaq lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan əmlak eksperti Elnur Azadov bildirdi ki, bununla bağlı qanunda hər hansı bir normativ hüquqi akt hələ ki, yoxdur.

"Qarabağ iqtisadi zonasında, ümumiyyətlə, işğaldan azad olunmuş zonaların hamısının baş planları işlənilib. Hazırda baş planlarda yalnız vətəndaşların köçürülməsi üçün əvəz olunacaq əmlakların tikinti planı varsa, o istiqamətdə işlər aparılır. Hələlik digər vətəndaşlar üçün evlərin alınması ilə bağlı yerli icra strukturları tam yaradılıb, oturmadığına görə və onlara bu kimi tapşırıqlar hələlik verilmədiyinə görə digər məsələlər açıq qalıb. Onunla bağlı qanunda hər hansı bir normativ hüquqi aktlar hələ də yoxdur".

Bakıda binaların zəlzələyə dözümlülüyü bu qurğu ilə yoxlanıla bilər? Yeni Sabah

Ekspertin sözlərinə görə, boş sahələr qalarsa, yalnız onda fərdi ev tikmək mümkün olacaq.

"Bəzi şəhərlərdə isə ümumiyyətlə torpaq, yer çatışmazlığı var. Ciddi şəkildə birinci növbədə bu, Şuşada və Xankəndi şəhərləridir. Onların ərazisi olduqca kiçikdir. Ən çox da Şuşa şəhəri kiçikdir. Şuşa şəhərində əvvəldən olan əhalinin belə ora köçürülməsi ilə bağlı ümumiyyətlə problem var. Ümumiyyətlə, şəhərdə lazımi infrastrukturun salınması ilə bağlı yer çatışmır. Bu kimi problem az da olsa Xankəndi şəhərində də var", - deyən Elnur Azadov qeyd etdi ki, Qarabağa qayıdışla bağlı bütün məsələlər öz həllini tapdıqdan sonra şəhərlərin baş planına görə boş sahələr qalarsa, yalnız o halda digər Azərbaycan vətəndaşlarının da bu ərazilərdə torpaq alıb fərdi ev tikməsi mümkün olacaq.

Türkan İSGƏNDƏRLİ