Azərbaycanda pensiyalar sürətlə ARTA BİLƏR

 11:08 04.10.2024     544

Əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsinlər. Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontekstdən oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur.

Redaktor.az xəbə verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, ölkədə özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq məsələn, 300 manat almaq imkanı qazanacaq: "Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq".

O diqqətə çatdırıb ki, bununla yanaşı, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir: "Çünki özəl pensiya fondları yaranarsa, vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və risklərin sığortalanması məqsədəuyğun olardı. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsi vacibdir".

Deputat qeyd edib ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə belə fondlar fəaliyyət göstərir.

Qeyd edək ki, bu həftə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsinin hazırlandığı diqqətə çatdırılıb.