"Daha müəllim nə təhsil verir, nə təlim verir, nə də tərbiyə..." - Sosioloq
Məktəbyaşlı uşaqlar arasında zorakılıq halları həddindən çoxdur. Uşaqların bir-birinə qarşı istər bullinq, istərsə də fiziki şiddətlə bağlı xəbərlər zaman-zaman medianın gündəminə gəlir. Bir çox hallarda isə bu cür hadisələr işıqlandırılmır və pərdəarxasında qalaraq ört-basdır edilir. Uşaqlar arasındakı əlbəyaxa davalar belə şiddət göstəricisidir.
Bəs uşaqların aqressiyaya, zorakılığa bu qədər meyllənməsinin səbəbi nədir?
Bu barədə sosioloq Lalə Mehralı Redaktor.az-a açıqlamasında bildirdi ki, bunun səbəbləri çoxdur, amma belə hadisələrdə ən böyük məsuliyyət və günah valideynlərin üzərinə düşür:
"Məktəbdəki şagirdlər valideynlərin əsəridir, onların verdiyi tərbiyəni nümayiş etdirir. Bir sözlə, şagird ailənin məktəbdəki inikasıdır. Biz uşağımıza tərbiyə verməsək, heç bir məktəb, heç bir müəllim onu düzəldə bilməz. Sağlam gələcək psixi və fiziki cəhətdən sağlam uşaqlar deməkdir. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, biz gələcəyimizi artıq itiririk. Məktəblərdə özbaşınalıq baş alıb gedir. Şagirdlər məktəbə təsbehlə, bıçaqla gəlir. Kəpənək deyilən bıçaq növü ilə qısnama, hədələmə hərəkətləri etməyə meylli olan nəsil yetişib".
Sosioloqun sözlərinə görə, məktəb rəhbərliyi zorakılıq nümayiş etdirən uşaqları asanlıqla müəyyən edə bilir:
"Bunun üçün sinif rəhbəri, məktəb psixoloqu, məktəblinin dostu var. Xüsusilə də məktəbdə çalışan psixoloqlara çox mühüm vəzifə düşür. Belə uşaqların nəzarətdə saxlanılması, onların ailələrinin məlumatlandırılması, kəsici və deşici, zərərverici alətlərin məktəbə daxil olması ilə bağlı ciddi tədbir görülməsi zəruridir. Hər nə qədər müvafiq nazirlik bununla bağlı tədbir görüldüyünü desə də, baş verən hadisələr sübut edir ki, əslində, vəziyyət təhlükəli həddi çoxdan ötüb".
Lalə Mehralı məktəblərdəki ən böyük boşluqdan danışdı:
"Hazırda məktəblərdəki ən böyük boşluq müəllim avtoritetinin yoxa çıxmasıdır. Müəllim kimi ali bir ünvanı sıxışdıra-sıxışdıra yazıq görkəmə saldılar. Müəllimi elə yazıqlaşdırdılar ki, uşağa söz deməyə risk etmir. Xüsusilə kişi müəllimlərin məktəbdən uzaqlaşması daha betər vəziyyətlərə gətirib çıxaracaq. Daha müəllim nə təhsil verir, nə təlim verir, nə də tərbiyə. İşi-gücü səhərdən-axşamacan lüzumsuz kağız-kuğuz işlərini bitirmək, jurnal yazmaq, summativ yoxlamaqdır. Başını qaldırıb sinifə baxa bilmir ki, nə baş verdiyini görsün. Onun bu halı ailəsindən tərbiyə, nəzarət görməyən şagirdlər üçün göydəndüşmə fürsətdir".
Sevinc İBRAHİMZADƏ