"Xoş sözlərə aldanıb evlənirlər, sonra da boşanırlar" - Sosioloq
"Dünyada ən az boşanma, ən yaxşı ailə modeli bizdə idi. Lakin indi ölkəmizin ailə instutu məhv olmaq üzrədir".
Bu sözləri Redaktor.az-a sosioloq Elçin Bayramlı Azərbaycanda boşanmalarla bağlı dəhşətli statistikanı şərh edərkən dedi. Onun sözlərinə görə, bu vəziyyətin əsas səbəbi mənəvi deqradasiyadır, yəni bütün mənəvi dəyərlərimizi, adət-ənənələrimizi itirməyimiz, müasirlik adı altında yeni, yad, zərərli dəyərləri, normaları qəbul etməyimizdir:
"Bugünkü gənclər bütün mənəvi dəyərlərimizi gözardı ediblər. Evliliyə oyuncaq kimi baxırlar. Təsadüfi, internet və yaxud real həyatda ilk baxışdan bir-birindən bir az xoşu gəlir, evlənir, sonra da boşanırlar. Bizdə çox mükəmməl bir mərhələli şəkildə bir institut var idi. Əvvəl qızla oğlan bir-birini görür, bəyənir, tanıyır, istəyir, sonra elçilik prosesi olur, ailələr tanış olur, bir-birini tanıyır, psixologiyalarına bələd olurlar. Hər iki tərəf - oğlan da, qız da xasiyyətlərini bilirlər. Bir-birinin arzuları, istəkləri, həyata baxışları uyğun gəlirsə, artıq nişanlanma prosesi gedir. Keçir üçüncü mərhələyə, nişanlanma prosesi gedir və bir müddət nişanlı qalırlar. Bu mərhələ bir neçə ay da olurdu, bir neçə il də olurdu. Bu müddətdə də yenə bi-birini daha yaxından tanıyırlar və axırda toy olur, evlənirlər. Yəni dörd mərhələli bir sistem üzrə ailə qurulurdu və belə ailələr çox möhkəm olur. Son dövrlərdə isə xoş sözlərə aldanır, sonra isə məlum olur ki, bunlar tamam fərqli insanlardır. Boşanmalar sonda gətirir minlərlə, milyonlarla yetim uşaqlar problemini ortaya qoyur. Ona görə də valideynlər birincisi uşaqlarına nəzarət etməlidir. Yeniyetmə gənclərin həyat təcrübəsi yoxdur, onlar daha tez təsirə düşür, aldana bilir".
Sosioloq qeyd etdi ki, ailə yoxdursa, heç bir cəmiyyətdən söhbət gedə bilməz.
"Öz mənəvi dəyərlərimizi gənc nəsillərə ötürməliyik. Onlara başa salmalıyıq ki, hansı formada ailə qurulur. Dəyərlərimizdən uzaqlaşdıqca belə problemlər getdikcə artır. Əgər bu davam eləsə, 50 faiz boşanma 60-70-80-ə yüksələ bilər. Bu artıq tamamilə bir millətin mənəvi olaraq məhv olmasına gətirib çıxaracaq. Ailə yoxdursa, heç bir cəmiyyətdən söhbət gedə bilməz. Bu artıq zombi cəmiyyəti, qeyri-insani, qeyri-bioloji, qeyri-mənəvi bir mühitdir. Bu sistemi dağılmağa qoymamalıyıq. Həm cəmiyyətin özü, həm də dövlət bu istiqamətdə elə bir siyasət aparmalıdır ki, sağlam ailələr formalaşsın, sağlam, düzgün ənənələrimiz, yaşasın. Ailələr maddi dəyərlər üzərində yox, mənəvi dəyərlər üzərində qurulmalıdır", - deyə E.Bayramlı vurğuladı.
Türkan İSGƏNDƏRLİ