Şaurmanın içərisindən bolt çıxdı - FOTO

 18:28 05.10.2024     361

"Şaurma N1" restoranlar şəbəkəsinin Nizami filialında xoşagəlməz hal yaşanıb. Belə ki, restoranlar şəbəkəsinin əsas yeməyi olan şaurmanın içərisindən bolt çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə Oxu.az-a şikayətçi Müşfiq İbrahimov yazıb.

"Mən Polşada Azərbaycan Evinin layihələrinin idarəolunması üzrə rəhbəriyəm. Bakıya gəzməyə gəlmişəm. Dünən axşamüstü nişanlımla sözügedən restoranlar şəbəkəsinin Nizami küçəsindəki filialında əyləşdik. Göbələk şorbası, lahmacun və şaurma sifariş etdik. Nişanlım yeməyə başlayarkən şaurmanın içərisindən bolt çıxdı. Dişi qırıla və ya paslı boltdan zəhərlənmə baş verə bilərdi. Tez fotosunu çəkdik ki, sonradan "şər atırlar" deməsinlər. Müvafiq məsul şəxsi çağırdıq, məlumat verdik. Ancaq o, çox yumşaq formada üzr istədi, təsadüf olduğunu dedi. Kompensasiya, filan da təklifi olmadı, söhbət heç ödənişdə də deyil. Sadəcə, müştəriyə yanaşmaq, səhvlərini qəbul etmək strategiyaları da yanlışdır. Orada qeyd etdim ki, yemək sektorunda səhvi qəbul etmirəm. Çünki söhbət minlərlə insanın sağlamlığından gedir", - şikayətçi bildirib.

"Şaurma N1" restoranlar şəbəkəsindən isə məsələ ilə bağlı müvafiq addımların atılacağı bildirilib:

"Kameraları açıb araşdıracağıq, müvafiq addım atılacaq".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən isə vurğulanıb ki, qeyd olunan məsələ nəzarətə götürülüb, araşdırmalara başlanılıb:

"İstehlakçılar qida məhsulları ilə bağlı qarşılaşdıqları xoşagəlməz hallarla bağlı Qida Təhlükəsizliyi Agentliyinin "1003" qaynar xəttinə məlumat verməlidirlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırılaraq qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək".

2