Aşağı Güzdəkdə sakinlər FƏRYAD EDİR: Çirkab sular evləri basdı – FOTO
Abşeron rayon Aşağı Güzdək qəsəbəsi sakinləri ərazidə olan kanalizasiya xəttlərinin tez-tez daşaraq evlərin zirzəmisini və küçəni basmasından şikayətçidirlər.
Bununla bağlı Redaktor.az-a Aşağı Güzdək qəsəbəsi İntiqam Dadaşov küçəsi 2 ünvanında yaşayan sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, ərazidə olan kanalizasiya xəttləri tez-tez daşır, nəticədə evlərin zirzəmisini və küçəni çirkab suları basır. Sakinlər həm yay, həm də qış fəslində yaşadıqları ərazinin çirkab sularla dolu olduğunu bildiriblər.
Ərazidə yaşayan sakin Ə.Vəliyev məsələyə aidiyyatı qurumların biganəliyindən şikayətlənib:
“Kanalizasiya Xidmətləri İdarəsinə dəfələrlə müraciət etmişik, amma onlar da problemi həll edə bilmirlər. Bələdiyyə sədri hər gün bu ərazidən keçib gedir, amma problemin həlli istiqamətində addım atmır. Bir sözlə, bizim problemimiz heç kimin vecinə deyil”.
Digər sakin V.Hacıyev belə vəziyyətdə yaşamaqdan artıq xəstəlik tapdıqlarını deyib:
“Üfunət qoxusundan evdə yaşaya, uşaqları məktəbə aparıb-gətirə bilmirik. Bu anti-sanitariyadır axı, belə yaşamaqdan artıq xəstəlik tapmışıq. Əraziyə jurnalist çağırırıq ki, problemi işıqlandırsın, idarə işçiləri onların da cibinə rüşvət qoyub məsələnin ictimailəşdirilməsinin qarşısını alırlar. Sizdən xahiş edirik səsimizi yuxarı dairələrin diqqətinə çatdırın”.
Qeyd edək ki, istirahət günü olduğu üçün dövlət idarələrinin problemə münasibətini öyrənə bilmədik. Sabah məsələylə bağlı müvafiq qurumların da mövqeyini öyrənəcəyik.
Vasif ƏLİHÜSEYN