"Nə qədər məsum görünsə də, bir çox hallarda təhlükə mənbəyidir" - Qida mütəxəssisi DANIŞDI

 16:48 09.10.2024     502

"Bir çox satış məntəqələrində, hətta bəzən onlayn şəkildə olan un məmulatları nə qədər məsum görünsə də, bir çox hallarda təhlükə mənbəyidir. Çünki bu məhsulların qablaşması üzərində istehsal tarixi, tərkibi, son istifadə müddəti üzərində göstərilmirsə, bu məhsullar haqqında tam məlumat almaq mümkün deyilsə, istehlakçı hüquqlarının pozulması ilə yanaşı, həm də istehlakçıların sağlamlığına zərər vura biləcək hallar çox olur".

Bunu Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Redaktor.az-a açıqlamasında söylədi.

O bildirdi ki, əgər un məmulatları şəkər qatılaraq normal şəkildə hazırlanırsa, heç bir əlavə konservant, kimyəvi maddə qatılmırsa, üç gündən bir həftəyə qədər saxlanıla bilər:

"Ancaq uzun müddətə saxlanılacaqsa, bu zaman kimyəvi qatqı maddələri, konservantlar əlavə olunur. Eyni zamanda şirniyyat keyfiyyətli, təbii kərə yağından hazırlandıqda xarab olma müddəti daha aşağı olur. Ancaq bitki yağları, xüsusilə də palma yağı və digər bu kimi ucuz yağlardan, marqarinlərdən istifadə olunubsa, bu zaman qidanın xarab olma müddəti uzanır, rəf ömrü də uzun olur. Ona görə bu kimi məhsullar mənşəyi bəlli olan yerlərdən alınmalıdır və mütləq şəkildə istehsal və son istifadə müddəti ilə bağlı məlumatlar dəqiq göstərilməlidir".

Qida eksperti vurğuladı ki, əksər hallarda şirniyyat məhsulları çəki ilə açıqda satıldığı üçün istehlakçılar məlumat ala bilmirlər:

"Bir çox monitorinqlərin nəticəsində bu kimi məhsullar hazırlayan sexlərdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi tələblərinin pozulduğu müəyyən edilib. Şirniyyat bişirmə prosesində həm temperatur rejimi, həm sanitar-gigiyenik qaydalara əməl olunması, işçi heyətinin vaxtı-vaxtında tibbi müayinədən keçib-keçmədiyi ilə bağlı məlumatlar çox vacibdir. Əks halda həmin məhsullardan istifadə edən insanlar müəyyən sağlamlıq problemləri ilə üzləşə bilərlər".

Məhsəti Hüseynova müddəti keçmiş məhsulları qəbul edən insanlarda yaranan sağlamlıq probllemlərindən də danışdı:

"Müddəti bitmiş məhsulları qəbul edən kəslərdə bəzən ağırlıq, qarın nahiyəsində ağrı, ürəkbulanma, həzmdə çətinlik, mədə bağırsaq sisteminin, bağırsaq mikroflorasının və daxili orqanların funksiyasının pozulması baş verir. Bu da bir çox xəstəliklərin yaranmasına yol aça bilir. Ona görə bu kimi un məmulatlarını mənşəyi bəlli olan yerlərdən saxlanılma şəraitinə diqqət edərək almaq lazımdır".

Sevinc İBRAHİMZADƏ