"Hələ də köhnə adət-ənənənin cəngindən xilas ola bilmirik” - Mehriban Zeynalova
Xəbər verdiyimiz kimi, Şəmkirdə 3 uşaq anasının baldızı tərəfindən vəhşicəsinə döyülməsi bir neçə gündür ki, müzakirələrə səbəb olub. Məsələni polis və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarətə götürüb, araşdırma aparılır. Davaya səbəb isə zərərçəkmiş Manika Sarıyevanın dayısının ərinin qohumu olan həyat yoldaşından boşanması olub. Bir sözlə, M.Sarıyeva indi qız-qıza qohumluğunun qurbanına çevrilib.
Məsələylə bağlı Redaktor.az-a danışan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova münaqişəyə əsas səbəblərdən birinin qohum nikahı olduğunu deyib.
Onun sözlərinə görə, əlaqələrini möhkəmlətmək üçün qohumlar hələ də bir-birilərinə qız verib, qız alırlar:
“Qohum nikahı təkcə sağlamlıqla bağlı deyil. Belə bir adət əsrlərlə mövcuddur. Baş verən hadisədə də dayı qohumluq münasibətlərini davam etdirə bilməyib və ailəsi hansısa səbəbdən dağılıb. İkinci bir hal isə ondan ibarətdir ki, döyülən qadın həssas vəziyyətdədir, o, miqrantdır. Dayısının boşandığı qadının qəzəbini isə bu qadından çıxırlar. Bu isə bizim adətlərin ən pisidir və mütləq şəkildə aradan qaldırılmalıdır. Bir sözlə, baş verənlərin kökündə köhnə adət-ənənələrdən xilas ola bilməmək dayanır. Biz hələ də köhnə adət-ənənənin cəngindən xilas ola və sivil şəkildə ayrıla bilmirik”.
Vasif ƏLİHÜSEYN