"Niyə özəl pensiya fondları olmamalıdır ki, insanlar seçim edə bilsinlər?" - Vahid Əhmədov
Özəl pensiya fondlarının yaradılması məsələsi yenidən gündəmə gəlib. Məlumata görə, qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb.
Qeyd edək ki, Azərbaycanda rəsmi qaydada çalışan şəxslər əməkhaqqından, gəlirindən Dövlət Sosial Müdafiə Fonduna icbari qaydada qanunla müəyyən edilmiş məbləğdə ödəniş edirlər. Çünki Azərbaycanda pensiya təminatını Dövlət Sosial Müdafiə Fondu həyata keçirir.
Bəs özəl pensiya fondlarının üstünlükləri nədir?
Bu barədə Redaktor.az-a danışan keçmiş millət vəkili Vahid Əhmədov bildirdi ki, özəl pensiya fondlarının yaranması çoxdan Milli Məclisdə müzakirə obyektidir:
"Mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm ki, niyə Azərbaycanda bir dənə Dövlət Sosial Müdafiə Fondu olmalıdır? Niyə özəl fondlar olmamalıdır ki, insanlar seçim edə bilsinlər? Kifayət qədər insan var ki, yüksək məvacib alırlar və həmin məvacibdən müəyyən qədər vəsaiti özlərinin sığorta hesabına köçürə bilərlər ki, gələcəkdə böyük məbləğdə pensiya ilə təmin oluna bilsinlər. Yəni sosial sığorta fondlarının taleyi ilə bağlı özəl pensiya fondlarının yaradılmasından sonra müsbətə doğru irəliləyiş olacaq. Ona görə bu özəl pensiya fondlarının yaradılması müsbət haldır və bunu çoxdan etmək lazım idi. İnsanların seçim imkanı olacaq və hansı pensiya fondlarının şərtləri onu qane edəcəksə, həmin fonda üzv olacaq və öz vəsaitini köçürə biləcək".
Keçmiş deputat özəl pensiya fondlarının üstünlüyündən danışarkən dedi:
"İndi bir dənə pensiya fondu var, həmin pensiya fonduna məbləğ köçürürük, amma bu məbləğin müəyyən hissəsi pensiya çıxanda qalır. Əslində isə faktiki olaraq həmin vəsait mənimdirsə, onu götürməliyəm. Ancaq Dövlət Sosial Müdafiə Fondu bu vəsaiti vermir. Özəl pensiya fondu ilə müqavilə bağlayanda artıq məsələyə müdaxilə etmək mümkün olacaq ki, mən istənilən vaxt pensiyaya çıxandan sonra əgər əlavə vəsaitim qalıbsa, ondan istifadə edə bilərəm".
Sevinc İBRAHİMZADƏ