İşbazlar saxta spirtli içkiləri restoranlara, şadlıq evlərinə paylayırlar - AÇIQLAMA
Qeydə alınan zəhərlənmələrin səbəblərindən biri də spirtli içkilərdir.
Hansı içkilər zəhərlənməyə, hətta ölümə səbəb ola bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirdi ki, spirtli içkilərdən dozadan artıq istifadə ölüm riskini artıra bilər.
"Ən böyük problemlərimizdən biri spirtli içkilərin yararlılıq müddətinə, insanların etinasız yanaşması, kustar üsulla, ev şəraitində hazırlanmış spirtli içkilərdən istifadədir. Mən dəfələrlə şahidi olmuşam ki, texniki spirtlərdən, hansı ki, bunun insan sağlamlığı üçün istifadəsi ümumiyyətlə məqsədəuyğun deyil, apteklərdə satılan xüsusi gigiyenik vasitə kimi həmin o mayedən alırlar və bunların içərisində müəyyən miqdarda özləri el dilində desək gözəyarı su əlavə edirlər, sonra burdan istifadə edirlər. Bu halda insan sağlamlığının qeydinə qalmaqdan söhbət gedə bilərmi? İnsanlarımız hər şeyin fərqinə varmalı, canlarını təhlükəyə atmamalıdırlar".
Ekspertin sözlərinə görə, bir çox içkilərin üzərində istehsal tarixi olmur.
"Spirtli içki qablaşdırılmasının üstündə istehsal tarixi olmalıdır. Amma bir çoxunda yoxdur və heç buna məhəl də qoyulmur. Bundan istifadə edən bəzi işbazlar da bu günləri həmin hazırladıqları spirtli içkiləri restoranlarda, şadlıq evlərində rahatlıqla müəyyən məbləğdə hədiyyə verməyin qarşılığında toyda istifadəyə verirlər. Məhsulun istifadəsi üçün uyğunluq sertifikatı verilir. Lakin bu sənəd içkinin hazırlandığı ilk gün verilən analiz nəticəsində əldə olunur. Ancaq sonra bu məhsuldan heç olmasa üç-dörd aydan bir bu məhsuldan bir analiz götürülmür. Təbii ki, nəzarət olunmur və bu nəzarətsizlik ölümlə nəticələnir. Müştərilərin istifadə etdiyi mağazalar, marketlər, mağazalar göz önündədir. Göz önündə olmayansa həmin market və mağazalara məhsulu gətirən şirkətlərin anbarlarıdır. Bu şirkətlərin anbarlarında monitorinqlər təşkil edilməlidir", - deyə İlkin Şirinov bildirdi.
Türkan İSGƏNDƏRLİ