Sosioloq ikibaşlı qohum nikahından DANIŞDI - "Yadla evlənin"

 15:51 16.10.2024     3745

Azərbaycanda qohum evliliklərinin bir növu də oğlan və qız evlənirsə, oğlanın bacısının da qızın qardaşına ərə getməsidir. Lakin gələcəkdə həmin iki ailədən birində söz-söhbət olduğunda, yaxud boşanma zamanı digər ailənin də münasibətləri pozulur. Yəni bacısı boşanan kişi də öz arvadını boşayaraq qisas alır, ya da arvadının öz ailəsi ilə danışmasına, görüşməsinə qadağa qoyur. 

Mövzu ilə əlaqədar sosioloq Lalə Mehralı Redaktor.az-a açıqlamasında bildirdi ki, bizim millət ikibaşlı qohum olmağı çox sevir. Belə ki, bir dəfə qohum olurlar və bundan sonra qarşı tərəf o biri tərəfdən qız almaq, qız vermək marağında olur:

"Bu, sanki əlaqələri möhkəmləndirmək, həmçinin qızın yerinin möhkəmləndirilməsi məqsədilə edilir. Elə başa düşürəm, tutaq ki, A nəsli B nəslinə qız verir, sonra B nəslindən qız almaq marağında olur. Çünki öz qızı orada olduğuna görə, o nəsildən qız almaq istəyir ki, hər iki nəsil bir-birinə möhtac olsun, bir-birinə bağlı olsun. Bu da ailə bağlarının möhkəmləndirilməsinə xidmət etmək məqsədi daşıyır. Amma hər iki tərəfdən ikibaşlı qohum nikahı yaratdıqlarının fərqində deyillər".

Sosioloqun sözlərinə görə, insanlar qohum nikahları barədə çox az məlumatlıdırlar, fəsadlarla bağlı minimum biliklərə malikdirlər:

"Ona görə də başa düşmürlər ki, əslində, ikitərəfli qohum olmağın özü də yaxşı şey deyil. Sonra o, qohumların uşaqları da bir-biri ilə evlənir, münaqişə baş verirsə, o biri ailələr də təsir görür. Çünki bir az da mental dəyərlər var. Burada mənim ailəm dağılıbsa, sən də onların nəslindən gətirdiyin qızı geri qaytarmalısan və yaxud da ki, boşamalısan kimi iddialar irəli sürürlər. Ona görə də elə yadla evlənmək ən məntiqlisi, ən sağlamı və ən düzgünüdür".

Sevinc İBRAHİMZADƏ