“İşçilərin Ezamiyyə Qaydaları”ndakı dəyişikliklər hansılardır?

 17:55 16.10.2024     529

“İşçilərin Ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında” 18 yanvar 2012-ci il tarixli Qərarda dəyişiklik edilib. Bununla bağlı Maliyyə Nazirliyinin Kollegiyasının sədri, nazir Samir Şərifov Qərar imzalayıb.

Bəs qərardakı dəyişiklik və əlavələrlə bağlı əsas məqamlar hansılardır?

ILRA-nın hüquqşünası Aqşin İsgəndərzadə Redaktor.az-a həmin dəyişiklikləri şərh edib:

"Birinci hissə üzrə:

Qərarın 2-ci bəndinin ikinci abzasında “ödənilməsini” sözündən əvvəl “tam və ya qismən” sözləri əlavə edilmiş, bununla da işçiləri ezamiyyəyə dəvət edən tərəfin ezamiyyə xərclərini tam ödəməsi ilə yanaşı, qismən ödəməsinin mümkünlüyü də təsbit edilib.

5-ci bəndin beşinci abzasından “nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyyələri,” sözləri çıxarılıb. Yeni redaksiya bu şəkildədir: Qeyd olunan xərclərə biletlərin qabaqcadan satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatlarından istifadə üçün xərclər də daxildir. Burada “qeyd olunan xərclər” dedikdə, nəqliyyat xərcləri nəzərdə tutulur və edilən dəyişikliklərlə nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyyələri nəqliyyat xərci hesab olunmur.

11-ci bəndin ikinci abzası ləğv edilib. Ləğv edilən abzasın mətni bu şəkildədir: Digər təşkilatlarda təsdiq olunmuş normalar daxilində ezamiyyət xərcləri məhsulun (işin və xidmətlərin) maya dəyərinə daxil edilir və həmin təşkilatlar ezamiyyə xərclərinin normalarını öz sərəncamlarında qalan mənfəət hesabına artıra bilərlər. Həmin hissənin ləğv edilməsi nəticəsində ezamiyyət xərcləri artıq məhsulun (işin və xidmətlərin) maya dəyərinə daxil edilməyəcək.

İkinci hissə üzrə:

2-ci bəndin üçüncü abzası aşağıdakı redaksiyada verilib:

“Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri, 25 faizini gündəlik yemək xərcləri, 5 faizini şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir.”

Bununla da, əvvəlki redaksiyadan fərqli olaraq, 1 günlük ezamiyyə xərclərinin faizlər üzrə göstəriciləri konkretləşdirilib.

Əvvəlki redaksiyada deyilirdi: “Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 20 faizini gündəlik xərc (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir.”

3-cü bəndin birinci abzasında “yalnız” sözü “gündəlik xərc və” sözləri ilə əvəz edilmişdir. Yeni redaksiya bu şəkildədir: “Özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman gündəlik xərc və müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir.”

Əvvəlki redaksiyada yol xərcinin yalnız müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi nəzərdə tutulurdusa, dəyişikliklərdən sonra yol xərci ödənilən zaman müvafiq təsdiqedici sənədlərlə yanaşı gündəlik xərclər də nəzərə alınacaq.

Qərarın ikinci hissəsinə 7-ci bənd əlavə edilib. Həmin bəndə görə dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait ödənilir.

Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində vəsait ödənilir.

Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 75 faizi həcmində vəsait ödənilir.

Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.

Üçüncü hissə üzrə:

1-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilib.

“Ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizini mehmanxana xərcləri, 35 faizini gündəlik yemək xərcləri, 5 faizini şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir.”

Bununla da, əvvəlki redaksiyadan fərqli olaraq, xarici ölkələrə ezamiyyə zamanı 1 günlük ezamiyyə xərclərinin faizlər üzrə göstəriciləri konkretləşdirilmişdir.

Əvvəlki redaksiyada deyilirdi: “Ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizini gündəlik yemək xərcləri təşkil edir.”

1-ci bəndin üçüncü abzasında “bu” sözündən əvvəl “ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq manatla və ya” sözləri əlavə edilib, nəticədə təşkilatlar tərəfindən xarici ezamiyyə xərclərinin müvafiq xarici valyuta ilə ödənilməsi ilə yanaşı, xərclərin manatla ödənilməsi imkanı da təsbit edilib.

4-cü bənd aşağıdakı redaksiyada verilib. Dəyişikliklərə uyğun olaraq dəvət edən tərəfin ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının həcmi 60 faizdən 65 faizə qaldırılıb, habelə dəvət edən tərəfin ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait ödənilməsi nəzərdə tutulub.

5-ci bənddə “şəxslərə” sözündən sonra “habelə digər dövlət orqanlarının xarici ölkələrdəki nümayəndələrinə” sözləri əlavə edilib. Nəticədə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə təyin olunan diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərlə yanaşı, digər dövlət orqanlarının xarici ölkələrdəki nümayəndələrinə də onlar yaşayış yeri ilə təmin edilənədək mehmanxana xərclərinin ödənilməsi təsbit edilib".

Sevinc İBRAHİMZADƏ