Biləsuvarda yararsız hala düşən su nasosları təmir OLUNACAQ
Biləsuvar rayonunda yararsız hala düşən su nasosları təmir olunacaq.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bununla bağlı praktiki işlərə başlayıb.
Belə ki, Cənub Muğan Kanalı İstismarı İdarəsinin balansında olan Maşın Qolu Nasos Stansiyasında 1 ədəd 2 000 kvt aqreqat əsaslı təmir olunacaq. Ümumilikdə isə bu nasos stansiyasında olan 9 aqreqat mövcuddur.
Eyni zamanda, gücü 5,5 kvt - 1 ədəd, 7,5 kvt - 2 ədəd, 15 kvt - 2 ədəd, 45 kvt - 1 ədəd, 75 kvt - 1 ədəd, 110 kvt - 1 ədəd , 200 kvt - 2 ədəd asinxron elektrik mühərriklərinin və 2 ədəd D3200-33 markalı su nasoslarının əsaslı təmiri nəzərdə tutulub.
Təmir işləri mövsümi əkinlərin suvarılmasının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilir.
Qeyd edək ki, Maşın Qolu Nasos stansiyası vasitəsilə Cəlilabad və Biləsuvar rayonlarında olan əkin sahələrinin suvarılması təmin edilir. Cənub Muğan Kanalı İstismarı İdarəsi isə Biləsuvar, Cəlilabad, İmişli və Cəbrayıl rayonlarının 80 000 hektardan artıq əkin sahələrinin suvarılmasına xidmət edir.