Bakı-Sumqayıt avtobusunun dayanacaq sayı niyə azdır? - AÇIQLAMA
Sumqayıt-Bakı-Sumqayıt avtobusu fəaliyyət göstərsə də, o, az dayanacaqda saxlayır. Təbii ki, bu nəqliyyat vasitəsinin hər yerdə saxlamaması səbəbindən "manatlıq" avtobuslar fəaliyyət göstərir. Onlar da Sumqayıt ərazisindən sərnişinlə dolu çıxdığı üçün həmin yol üzrə olan digər ərazilərin sakinləri səhərlər işə gəlməkdə çətinlik çəkir. Bu marşrutların da çoxluğu sıxlıqlara səbəb olur.
Bəs niyə "BakuBus" həmin dayanacaqlarda saxlamır?
Mövzu ilə bağlı Redaktor.az-ın sualına cavab verən AYNA-nın mətbuat katibi Tural Orucov bildirdi ki, bu avtobuslar daha az dayanacaq sayı ilə uzun məsafələrə səfər etmək üçün hesablanıb.
"Sumqayıtdan Bakı şəhəri istiqamətinə ictimai nəqliyyatın təşkili ilə bağlı sərnişin tələbatı nəzərə alınaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən ekspres marşrut xətti təşkil edilib. Bu ilin yanvarın 21-dən fəaliyyətə başlayan ekspres avtobuslar Sumqayıt Avtovağzalı, “Bağça Şəhər” yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, metronun “Avtovağzal” stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət edir. Müntəzəm avtobus marşrutlardan fərqli olaraq ekspres avtobuslar daha az dayanacaq sayı ilə uzun məsafələrə səfər etmək üçün hesablanıb".
Türkan İSGƏNDƏRLİ