İnsanı iysiz, rəngsiz yaxalayan bəla - Dəm qazından necə qorunaq?

 17:46 28.10.2024     559

Qış mövsümünün gəlişi ilə əlaqədar dəm qazından zəhərlənmə və qaz sızıntı nəticəsində partlayış hallarının sayı çoxalır. Təbii ki, bunun da səbəbi istisnasız təhlükəsizlik qaydalarına düzgün əməl olunmaması, qaz təchizatı qaydalarının pozulması, istifadə zamanı yol verilmiş nöqsanlardır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirdi ki, belə nöqsanlar baş verdikdə evə dəm qazı sızması və yaxud qaz sızması nəticəsində mənzillərdə, obyektlərdə partlayış hallarının baş vermə ehtimalı yüksəlir:

"Əvvəlcə binaların tikintisi və layihələndirilməsi zamanı tikinti normalarına və qaz təsərrüfatı qaydalarına əməl olunmalıdır. Dəm qazını müəyyən etmək insan instinkti ilə mümkün deyil. Bu qaz iysiz, rəngsiz və xüsusi özünəməxsus spesifik qoxuya malik deyil. Lakin bir sıra təhlükəsizlik tədbirləri görüldükdə dəm qazı sızması nəticəsində zəhərlənmə hallarının qarşısını almaq mümkündür. Bu tədbirlər ondan ibarətdir ki, mənzillərdə qaz detektorları quraşdırılmalıdır. Qaz detektorları dəm qazından qorunmaq üçün, dəm qazı sızması nəticəsində insan həyatını xilas etmək üçün çox gözəl vasitədir. Lakin bu detektorlarla bağlı ölkəmizdə müəyyən bir boşluq var. Bununla bağlı vahid standartlar və qaydalar olmalıdır. Bu detektorlar könüllülük prinsipi əsasında deyil, icbari qaydada həyata keçirilməlidir. Tüstü bacaları təmizlənməlidir. İldə iki dəfədən az olmayaraq bu detektorların quraşdırılması xüsusi lisenziyalaşmış şirkətlər tərəfindən həyata keçirilməli və dövri olaraq yoxlanılmalıdır".

İstirahət və əyləncə mərkəzlərində təhlükəsizlik problemi - məsuliyyət  kimindir?

Ekspertin sözlərinə görə, dəm qazından zəhərlənmə halları əsasən vanna otaqlarında baş verdiyi üçün qaz cihazları hamamda quraşdırılmamalıdır.

"Yəni bununla bağlı ölkəmizdə vahid bir mexanizm tətbiq olunmalıdır ki, dəm qazından sızma halları baş verməsin. Bu cür hallar ,dəm qazından zəhərlənmə halları əsasən vanna otaqlarında baş verir və bu səbəbdən də ölkəmizdə tətbiq olunan yeni qaydaların tələblərinə görə qaz cihazları vanna otaqlarında quraşdırılmamalıdır. Vanna otaqlarında qapılarda 4-5 dəlik havanın dövr etməsi üçün açılmalı, çünki havasız məkanlarda dəm qazının yayılması riski daha yüksəkdir. Tüstü bacaları ildə iki dəfədən az olmayaraq texniki müayinədən keçirilməlidir. Mətbəxlərdə qaz cihazları quraşdırılırsa, mətbəxin hündürlüyü 2.2 metrdən aşağı olmamalıdır. Vanna otaqlarında quraşdırılan cihazlar yalnız elektriklə işləyən cihazlar olmalıdır. Yəni qazla istifadə olunan istismar olunan cihazların mətbəxlərdə quraşdırılması yolverilməzdir. Yenə qeyd edirəm, beynəlxalq praktikada dəm qazının vaxtında aşkarlanması üçün mənzillərdə və obyektlərdə xüsusi detektorlar quraşdırılır, hansısa bir sızıntı olduqda artıq bu detektorlar işə düşür", - deyə Orxan Musayev bildirdi.

Türkan İSGƏNDƏRLİ